Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Bakı Musiqi Akademiyasının Opera studiyasında Xalq artisti Əhməd Bakıxanovun 130 illiyinə həsr olunmuş konsert keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə Xalq artistləri Ağaverdi Paşayev, Tofiq Bakıxanov, Baş İdarənin rəis müavini Nazim Əliyev, Əməkdar incəsənət xadimi Nazim Kazımov, Əməkdar artist Zakir Əliyev, Beynəlxalq müsabiqələr laureatları Fəxri Kazım-Nicat, Elvin Səfərov, Cabbarlı Özcan iştirak ediblər.
Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsinə həsr olunmuş konsertdə ilk olaraq videoçarx nümayiş etdirilib, daha sonra çıxışçılar ustad tarzənin həyat və yaradıcılığından danışıb və onunla bağlı xoş təəssüratlarını bölüşüblər. Bildiriblər ki, görkəmli sənətkar Əhməd Bakıxanov daim axtarışlarla dolu geniş və çoxşaxəli yaradıcılığı ilə Azərbaycanın musiqi sənəti xəzinəsinə dəyərli töhfələr verib.
Musiqili gecədə məktəbin məzunlarından "Natiq" ritm qrupunun rəhbəri, Xalq artisti Natiq Şirinov, Fikrət Əmirov adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Xəzər Universitetinin Kamera Orkestri, Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist İnarə Babayeva, estrada müğənnisi İlqar Xəyal, Beynəlxalq Müsabiqələr laureatı Kamal Nuriyev və bəstəkar Sevda Rəhimovanın çıxışları gurultulu alqışlarla qarşılanıb.
Musiqi salnaməmizə mühüm səhifələr yazmış tarzən Əhməd Bakıxanova həsr olunmuş konsert iştirakçılarda xoş təəssürat yaradıb.
“Ədəbiyyat və incəsənət”
(24.12.2022)