Kəlbəcərdə Allahverdi Qəmkeşin 90 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib

 

Nə gözəl. İşğaldan azad edilən bölgələrimiz artıq mədəniyyət tədbirlərinə evsahibliyi etməkdədir. Azərbaycan Aşıqlar Birliyi və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Aşıq Şəmşir adına Kəlbəcər rayon Mədəniyyət evində ustad aşıq, Əməkdar mədəniyyət işçisi Allahverdi Qəmkeşin anadan olmasının 90 illiyinə həsr olunan xatirə gecəsi keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Aşıqlar Birliyinə istinadən xəbər verir ki, tədbir öncəsi torpaqlarımızın erməni işğalından azad olunması uğrunda şəhid olmuş Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə çıxış edən Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlıya ustad aşıq Allahverdi Qəmkeşin həyat və yaradıcılıq yolundan geniş söhbət açaraq onun Azərbaycan aşıq sənətinin inkişafındakı xidmətlərini, özünəməxsus, bənzərsiz ifa tərzini vurğulayıb, saz havalarının və dastanlarımızın da bilicisi olduğunu qeyd edib. Allahverdi Qəmkeş ustad aşıq olmaqla yanaşı, həm də istedadlı şair idi və bir neçə şeir kitabı işıq üzü görüb. 

Tədbirin aparıcısı, Əməkdar mədəniyyət işçisi, folklorşünas alim Elxan Məmmədli ustad sənətkarla bağlı xatirələrini bölüşüb.

Ustadın keçdiyi ömür yolundan bəhs edən videoçarx tədbir iştirakçıları tərəfindən böyük maraq və yubilyarın ruhuna ehtiram hissi ilə qarşılanıb.

Gecədə müxtəlif aşıq havaları üstündə ustadın öz sözlərini və repertuarından seçmə havalar səsləndirilib. 

Aşığın ailəsi adından oğlu Ramiz Qəmkeş və qızı Zəhra Şirinova tədbirin təşkilatçılarına və bütün iştirakçılara öz təşəkkürlərini bildiriblər.

Tədbirin keçirildiyi Kəlbəcər rayon Mədəniyyət sarayında ustad aşıq Allahverdi Qəmkeşin yaradıcılığından bəhs edən fotosərgi də nümayiş olunub.

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.