Vyananın “Ehrbar” konsert salonunda gənc azərbaycanlı pianoçu, bəstəkar və dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadə konsert proqramı ilə çıxış edib.
“Ədbəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, Avstriyada fəaliyyət göstərən “Culture Meeting Point” mədəniyyət təşkilatının dəstəyi ilə baş tutan konsertdə gənc pianoçu bəstəkarlar Fridrix Şopen, Modest Musorqski, Mauris Ravel, Erik Sati və özünün bəstələdiyi əsərləri ifa edib. A.Manafzadə hər ifadan öncə tamaşaçılara bəstəkar və əsər, eləcə də əsərin xarakterik xüsusiyyətləri barədə məlumat verib. Konsertdə M.Musoqskinin “Bir sərginin rəsmləri” əsəri və A.Manafzadənin “Xocalıya” kompozisiyası böyük maraqla qarşılanıb.
Qeyd edək ki, “Culture Meeting Point” təşkilatının keçirdiyi “Xalis klassika” adlı silsilə konsertlər gənc istedadlı musiqiçiləri üzə çıxarmaq və geniş auditoriyaya tanıtmaq məqsədi daşıyır.
“Ədəbiyyat və incəsənət”
(22.12.2022)