“Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının yaradıcısı Xalq artisti Fikrət Verdiyev vəfat edib. Bu barədə Mədəniyyət Nazirliyi məlumat verib.
Fikrət Verdiyev 1947-ci ildə Gəncədə anadan olub. Hələ tələbə ikən Gəncə şəhər və Daşkəsən rayonu musiqi məktəblərində də pedaqoji fəaliyyətə başlayıb. 1966-cı ildə Gəncə orta ixtisas musiqi məktəbində təhsilini başa vuraraq Azərbaycan Dövlət Konservatoriyasının tar-dirijor, xalq ifaçısı fakültəsinə daxil olub.
O, 1969-cu ildə “Göygöl” xalq çalğı alətləri ansamblını yaradıb. Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Rübabə Muradova, Flora Kərimova, İlhamə Quliyeva, Nisə Qasımova, Səkinə İsmayılova, Kəmalə Rəhimli, Arif Babayev, İslam Rzayev, Canəli Əkbərov, Məmmədbağır Bağırzadə, Elmira Rəhimova, Baba Mahmudoğlu və başqa tanınmış sənətçilər bu ansamblla çıxış ediblər.
Qeyd edək ki, Fikrət Verdiyev dahi sənətkar Xan Şuşinskinin qızı ilə evli olub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(22.12.2022)