“…Bizim mübariz Azərbaycan xalqıyla həmişə birlikdə olduğumuzu göstərməyə çalışmışam”

 

Yapon pianoçu Yusey İnuinin “Xudayar təsnifi”ni aranjiman etməsi çox təsiredicidir

 

Yapon pianoçu Yusey İnuinin “Xudayar təsnifi” kimi məşhurluq qazanmış “Vətən yaxşıdır” mahnısını aranjiman etməsi və yapon musiqisevərlərinə çatdırması barədə yapon mediasında gedən xəbər, düzü, bizləri çox duyğulandırdı. Bu, həm şəhidlərimizə, apardığımız haqq savaşına ehtiramdır, həm də misilsiz incəsənətimizə. 

Bu günlərdə Yusey İniui gördüyü işin mahiyyəti barədə yapon mediasına  müsahibə verərkən səmimi hisslərini bir görün necə izhar edib: “Azərbaycan musiqisinin gözəlliyini qəhrəmanlıqla birləşdirərək, yaşadığım hissləri dinləyicilərə çatdırmağa çalışdım.

İlk dəfə həmin mahnı üzərində işləmək təklifi alanda Azərbaycan haqda heç nə bilmədiyimi düşünüb bunu sifarişçilərə söyləməyə utandım. Təcili internetdə araşdıraraq ölkə haqda daha çox məlumat toplamağa çalışdım. Mahnının orijinalı ilə yanaşı, digər Azərbaycan musiqisi nümunələri ilə tanış oldum. Yutub vasitəsilə Azərbaycanı öyrənməyə, necə deyərlər, bu ölkənin ab-havasını, qoxusunu təsəvvüründə canlandırmağa çalışdım. İlk təəssüratlarım heyrətamiz idi. Sizin musiqiniz öz gözəlliyi ilə məni heyran etdi. Bu xalqı, onun qədim və zəngin mədəniyyətini indiyədək tanımadığıma görə özümdən utandım. O ki qaldı mahnınln tarixççəsinə. Bu, həqiqətən heyrət doğuracaq bir hekayə idi. Xudayarın ifasında mahnını dinlədikcə bu azərbaycanlı gəncin ürəyindən axıb dilinə gələn Vətən sevgisini daha çox anladım və bu hissləri aranjiman etdiyim musiqidə canlandırmağa çalışdım. Bu hisslər mənim ilham mənbəyimə çevrildi.

Mahnı üzərində işləyərkən onun dinamizmini və gücünü ritmlərlə, hüznünü və kədərini isə melodiya və akkordlarla ifadə etməyə çalışdım. Yaponiya dinləyicilərinin bu musiqini daha yaxşı anlaması üçün isə mahnının quruluşuna və akkordlarına müəyyən əlavələr etdim. Onun kədərini təqdim etmək üçün intro və intermediyadan yararlandım. Nəticə etibarı ilə həm yaponların, həm də Azərbaycan xalqının bəyənəcəyi bir aranjiman yarada bilmişəmsə, bu məni çox sevindirir. Həmçinin düşünürəm ki, bu musiqini dinləyən hər bir insan yalnız münaqişələrə deyil, həm də onun gətirdiyi ağrılı duyğulara və gərgin anlara baxmayaraq, irəliləmək üçün özündə güc hiss edir. Bu ağrı-acını dəf edərək gələcəyə daha böyük ümidlə baxmağa başlayır. “Xudayar təsnifi” üzərində çalışarkən insanlara bu inamı aşılayacaq bir musiqi nümunəsi yaratmağa çalışdım və düşünürəm ki, buna nail ola bildim. Mahnını məhz bu hissləri qəlbimdə yaşayaraq ifa etdim.

Mən bu melodiyanı ifa edərkən, Azərbaycan xalqının yaşadığı hissləri öz xalqıma  çatdırmaqla yanaşı, mübariz Azərbaycan xalqıyla həmişə birlikdə olduğumuzu da  göstərməyə çalışmışam.”

Qürurvericidir, deyilmi? 

 

“Ədəbiyyat və incəsənət”

(22.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.