YARAT Müasir İncəsənət Mərkəzi növbəti dəfə musiqisevərləri sevindirəcək.
“Pianoçu ilə görüş” layihəsi çərçivəsində müzakirə dekabrın 23-də keçiriləcək.
Yeni il ərəfəsində layihənin budəfəki qonağı istedadlı pianoçu Riad Məmmədov olacaq.
Müzakirə rus dilində aparılacaq.
Riad Məmmədov öz yaradıcılıq fəaliyyətində müxtəlif janrları və musiqi istiqamətlərini bir araya gətirir.
Moskva Konservatoriyasını, habelə fortepiano ixtisası üzrə aspiranturanı, eləcə də musiqişünas kimi nəzəri aspiranturanı bitirdikdən sonra, o, akademik ifaçı kimi qalmaqla yanaşı, dünyada muğam və caz-muğam meyillərini inkişaf etdirib. Özünü ifa tərzində, aşkarlanan intonasiyalarda və motivlərdə ifadə etməklə, Şərq məfhumu musiqiçinin proqramlarına həm bilavasitə, həm də alleqorik şəkildə nüfuz edib. Riad Məmmədov ictimaiyyətə dirijor Teodor Kurentzis və onun “musicAeterna” orkestri ilə solo konsertləri və birgə layihələri, eləcə də öz klassik, caz və müəllif repertuarı olan albomları ilə tanışdır.
Hazırda musiqiçi “Cənnətdən Şərqə” adlı albomu üzərində çalışır. Bu alboma onun yeni bəstələri daxil olacaq.
“Ədəbiyyat və incəsənət”
(19.12.2022)