Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Rauf Hacıyev-100” musiqi festivalı çərçivəsində estrada mahnılarından ibarət konsert proqramı təqdim olunub.
Konsert Mədəniyyət Nazirliyinin dəstəyi, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası, Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə reallaşıb.
Konsertdən əvvəl Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov çıxış edərək, görkəmli sənətkarın həyat və yaradıcılığından danışıb.
Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin əməkdaşı, musiqişünas Turan Məmmədəliyevaya Rauf Hacıyevin musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən bəhs edib.
Musiqi axşamının proqramı Xalq artisti Rafayel Bayramovun idarə etdiyi kamera orkestri və Şəhriyar Tağıyevin rəhbərlik etdiyi “Xəmsə” estrada ansamblı tərəfindən hazırlanıb. Konsertin iştirakçıları, solistlər –Xalq artisti Sevinc İbrahimova, Əməkdar artist Kəmalə Tağızadə, ansamblın solistləri Əli Məmmədov, Rüstəm Cəfərov, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, müğənnilər Leyla Məmmədova, Elmir Pişnamazzadə, Vasif Bayramov Rauf Hacıyevin məşhur mahnı və instrumental kompozisiyalarını ifa ediblər. Proqram çərçivəsində bəstəkarın “Qızlar rəqsi” adlı əsəri də ilk dəfə səslənib.
“Ədəbiyyat və incəsənət”
(19.12.2022)