Bu gün Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının konsert zalında Xalq artisti, professor Azər Zeynalovun “Əsrin bir fəsli” adlı solo konserti keçiriləcək. Gecədə ifaçı lirik nəğmələri ilə tamaşaçıların qarşısına çıxacaq.
Qeyd edək ki, "Liriko-dramatik tenor" səs tembrinə malik olan Azər Zeynalov 1996-cı ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. O, Avropanın və Azərbaycanın klassik operalarında baş rolların ifaçısıdır. A.Zeynalov tək opera ifaçısı kimi yox, həm də Azərbaycan bəstəkarlarının mahnı və romanslarını, oda və oratoriyalarını da ifa edir. Buna Emin Sabitoğlunun "Şükriyyə", "Gəncədən gəlirəm", Tofiq Quliyevin "Bəxtəvər oldum", "Azərbaycan", Rauf Hacıyevin "Leyla", Ramiz Mirişlinin "Vətən harayı, Ruhəngiz Qasımovanın "Səninləyəm, Azərbaycan", Ramiz Mustafayevin "Məhəmməd və Leyla", Vasif Adıgözəlovun "Qəm karvanı", "Təntənəli kantata", "Çanaqqala", "Qarabağ şikəstəsi", Mobil Babayevin "Ölüm-qara qarışqa", Azər Dadaşovun "Ana yurdu" odası, Siyavuş Kəriminin "Ömrümün istəyi", "Sənsizləmişəm", Sevil Əliyevanın "Əziz anam" və s. bu kimi əsərləri misal çəkmək olar. Onun repertuarında xalq mahnıları da xüsusi yer tutur. Həmçinin öz ifası ilə bir çox xarici dövlətlərin böyük konsert salonlarında dəfələrlə çıxışlar edib. O, opera səhnəsində ifa etdiyi bir çox rollara görə müxtəlif mükafatlara da layiq görülüb. Azər Zeynalov 2001-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Vokal" kafedrasının müdiri, 2015-ci ildən isə "Musiqili teatr aktyoru" kafedrasının müdiri kimi pedaqoji fəaliyyətdə olub. 2016-2017-ci tədris ilindən etibarən pedaqoji fəaliyyətini yalnız Azərbaycan Milli Konservatoriyasında davam etdirərək burada Milli vokal kafedrasına rəhbərlik edir. Onun 2012-ci ildə çap olunan "Vokal ifaçılığı" kitabı ali musiqi məktəblərində klassik opera-vokal ixtisası üzrə təhsil alan tələbələr üçün ana dilimizdə ilk dərslikdir.
“Ədəbiyyat və incəsənət”
(13.12.2022)