Xalq artisti Sərdar Fərəcovun 65 illiyi qeyd olunub

 

 Azərbaycan Milli Konservatoriyasında (AMK) tanınmış bəstəkar, Xalq artisti Sərdar Fərəcovun 65 illiyinə həsr olunmuş tədbir keçirilib.

Milli Konservatoriyanın mediaya açıqlamasına görə, tədbirdə AMK-nın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi çıxış edərək bəstəkarın zəngin yaradıcılıq yolundan danışıb. 

 

Bəstəkarın konservatoriyadakı uğurlu fəaliyyətindən danışan rektor onun gördüyü işləri yüksək qiymətləndirib. 

Sonra S. Kərimi bəstəkara Milli Konservatoriyanın fəxri medalını təqdim edib.

Çıxışlarda qeyd edilib ki, S. Fərəcov səhnə üçün yazılan musiqilərdən kiçik miniatürlərə qədər müxtəlif janrlarda əsərlər yazıb. O, kamera-instrumental, vokal, vokal-simfonik və xor üçün yazılmış əsərlərin, simfonik, opera əsərlərinin, musiqili komediyaların, eləcə də musiqili teatr səhnələri üçün və kino musiqilərinə həsr olunmuş əsərlərin müəllifidir. Hazırda Üzeyir Hacıbəylinin ev-muzeyinin direktoru vəzifəsində çalışan S.Fərəcovun yaradıcılığında ən önəmli və vacib yerlərdən birini dahi bəstəkarımızın bəzi əsərlərinin işləmələri və yenidən bərpası tutur.

Qeyd edilib ki, bəstəkarın əsərləri musiqinin parlaqlığı, romantikliyi, qeyri-adi melodik dili ilə seçilir. Əsərləri Avropa, Amerika və keçmiş SSRİ ölkələrində müxtəlif ansambllar və ifaçılar tərəfindən səsləndirilib. Sərdar Fərəcov bir bəstəkar, tədqiqatçı olmaqla yanaşı həmçinin ədəbi yaradıcılıqla da məşğul olur. Onun 1000-dən artıq şeiri, hekayələri, səhnə əsəri, librettosu, ssenarisi vardır – Üzeyir Hacıbəyliyə həsr olunmuş “Azərbaycantelefilmin” çəkdiyi “Əbədi iftixarımız”(2010), “Üzeyir Hacıbəyli və Azərbaycan Bəstəkarlar ittifaqı” (2014) filmlərinin ssenari müəllifidir.

Sonra bəstəkarın əsərlərindən ibarət konsert proqramı təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(12.12.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.