Aida Eyvazlı “Şuşam - qalamdır mənim” adlı layihəsini təqdim edir
Başa çatmaqda olan 2022-ci il tarixdə Şuşa ili kimi qaldı. Bu, Şuşanın və Şuşanı bizə yenidən qaytaranların haqqıdır.
İlimiz Şuşa adı ilə bağlı olduğundan Vətənimizin göz-bəbəyi olan Şuşa haqqında lap qədim tarixlərdən xəbər vermək, addım-addım, səhifə-səhifə, ilmə -ilmə, çiçək-çiçək Şuşanı bir də tanıtmaqdır məqsədimiz.
“Şuşam - qalamdır mənim” adlı layihəmizdə Qafqazın mədəniyyət və musiqi beşiyi olan Şuşanın yetişdirdiyi mədəniyyət xadimlərindən, tanınmış şəxsiyyətlərindən danışmaüda davam edirik. Dünyalarca tanınmış məşhur Üzeyir Hacıbəylinin əsərlərini ermənilərin öz adlarına çıxmaları barədə söhbətimizi davam edirik. Yenə də Üzeyir Hacıbəylinin Ev Muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcovun ermənilərin mədəni irsimizdən, eləcə də Üzeyir Hacıbəylidən oğurladıqları musiqilərimiz haqqında topladığı xatirələri səsləndiririk:
Ü.Hacıbəylinin əsərlərinə, həyatına qarşı bəd niyyətlə yanaşan erməni sənətçilər təkcə xarici ölkələrdə yaşamırdı, onunla eyni şəhərdə yaşayan, ünsiyyətdə olan nə qədər qəlbi qara, xəbis insan dahi bəstəkarın həyatını zəhərləyirdi.
1932-ci ildə Ü.Hacıbəyli Şərqdə ilk notla çalan xalq çalğı alətləri orkestri yaradarkən buna qəti etiraz edənlərdən biri də Avones İonessyan adlı bir erməni olmuşdur. Çünki o özü Bakıda "Şərq orkestri" deyilən və əsasən ermənilərdən ibarət olan bir musiqi kollektivinə rəhbərlik edirdi və bu orkestrin repertuarı xalq mahnılarından, təsniflərdən və rənglərdən ibarət idi. Üzeyir Hacıbəylinin yaratdığı orkestr isə xalq musiqisi ilə kifayətlənməyərək, milli bəstəkarların orijinal əsərləri və Avropa, rus bəstəkarlarından əsərləri ilə həm repertuarı zənginləşdirmiş, həm də milli alətlərin çalğı imkanlarını xeyli inkişaf etdirmişdi. Bu orkestrin günü-gündən artan uğurlarını görən Avanes İonesyan hər vasitə ilə öz bədxahlığını büruzə verirdi. İfaçıları ayrı-ayrılıqda dilə tutub Üzeyir bəydən uzaqlaşdırmaq cəhdindən tutmuş, yüksək instansiyalara yalan, iftira dolu qərəzli şikayət məktubları göndərirdi. Əlbəttə son nəticədə Üzeyir bəyin haqlı olduğu tam aydınlığı ilə sübut olunsa da, bütün bunlar ona nə qədər ürək ağrısı, yuxusuz gecələr, narahatlıqlar gətirirdi.
1938-ci ilin aprelində Moskvada keçən Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyündə. Stalinin arzusu ilə proqrama daxil edilmiş "Arşın mal alan" operettasını məhz Ü.Hacıbəylinin yaratdığı xalq çalğı alətləri orkestri müvəffəqiyyətlə müşayiət etdi. Dekadada öz orkestri ilə çıxış edən A.İonesyan isə artıq öz "nəğməsinin" bitməsini dərk etdi və bir neçə ay sonra Bakıda vəfat etdi. Onun yaratdığı orkestr isə dağıldı. Bədxislətlilərin aqibəti bu cür olmalıdır.
“Ədəbiyyat və incəsənət”
(07.12.2022)