Bu gündən etibarən, ta ki dekabrın 27-dək Bakı və Gəncə şəhərlərində “Rauf Hacıyev-100” adlı musiqi festivalı keçiriləcək. Festival Prezidenti İlham Əliyevin bəstəkarın 100 illiyi haqqında imzaladığı müvafiq Sərəncama əsasən Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunur.
Festival çərçivəsində R.Hacıyevin “Qafqazlı qardaşqızı” operettası, estrada və caz, kamera və simfonik əsərlərindən ibarət konsertlər, eləcə də bəstəkarın xatirəsinə həsr edilmiş elmi-yaradıcı diskussiya baş tutacaqdır. Tədbirlər Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Heydər Əliyev Sarayı, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Gəncə Dövlət Filarmoniyası, Beynəlxalq Muğam Mərkəzi, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunacaq. Konsertlərdə Ü.Hacıbəyli adına Dövlət Simfonik Orkestri, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, R.Behbudov adına Dövlət Mahnı Teatrı nəzdində Estrada-simfonik orkestri, “Qaya” Dövlət Ansamblı, Xalq artistləri – Adilə Əliyeva, Salman Qəmbərov, Azər Zeynalov, Əməkdar artist Afaq Abbasova, ifaçı Fərid Əliyev, tanınmış estrada müğənniləri Zaur Əmiraslanov, İlhamə Qasımova, Rövşən Qəhrəmanov, tanınmış caz kollektivləri “Bakustik Caz”, “Səbinə Hacıyevanın Caz Triosu”, “DiHaj”, “H3 Collective”, Vüsal Rzasoyun rok qrupu və başqa heyətlər iştirak edəcəkdir.
Festival barədə mədəniyyət nazirimiz Anar Kərimovun bir tvitter paylaşması diqqət çəkir. Nazir yazır:
“Azərbaycan caz sənətinin əfsanəsi Rauf Hacıyevin 100 illiyi münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən festival keçiriləcək. Hamını 6 dekabr tarixində Heydər Əliyev sarayıda möhtəşəm konsertə dəvət edirik”.
“Ədəbiyyat və incəsənət”
(03.12.2022)