“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri Güllü Eldar Tomarlının ideyası ilə və “Qazax” Xeyriyyə İctimai Birliyinin sədri İlham Pirməmmədovun dəstəyi ilə ərsəyə gəlmiş, xarı bülbül elementləri ilə bəzədilmiş nəfis kəlağayı şəhid Əlizamin Mustafalının anasına hədiyyə olundu. Bu, tədbirin kulminasiyası hesab oluna bilərdi. Həm milli mənəvi maddi irsimizə, həm də şəhidlərimizə ehtiram daim bizimlədir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində UNESCO-nun madii irs siyahısına düşmüş kəlağayı gününə həsr edilmiş mərasim və konsert proqramı təqdim edilib.
Konsertdən öncə müxtəlif növ kəlağayıların yer aldığı sərgiyə baxış keçirilib. Sərgidə “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin nəzdində yaradılan “Kəlağayı muzeyi”nin kəlağayıları, İB-nin tərtib etdiyi "Azərbaycan kəlağayısı min illərin yadigarı" adlı kitabı, Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiya Mərkəzinin rəsm əsərləri, rəssam Sehran Allahverdinin "Kəlağayı" kompozisiyası, eləcədə rəssam Gülnarə Məmmədovanın rəsm əsərləri və Basqal ustalarından olan Mürşüd Talıbovun kəlağayı üzərində işlənmiş əl işləri sərgi iştirakçılarına nümayiş etdirilib.
Konsertdə tanınmış müğənnilər, aşıqlar, saz-söz adamları Azərbaycan kəlağayısını vəsf edən ifalar dinlənilib, şeirlər səsləndirilib.
Konsert zamanı “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, konsertin təşkilatçısı, şair-publisist Güllü Eldar Tomarlı, “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin ən ali mükafatı olan "Aşıq Ələsgər 200" yubiley medalı və fəxri diplomu ilə təltif edilib. Medal Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli tərəfindən təqdim olunub.
Tədbir çərçivəsində kəlağayı ustası Mürşüd Talıbov Güllü Eldar Tomarlıya Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazinin rəsmi işlənmiş kəlağayını muzeyə hədiyyə edib. Eyni zamanda rəssam Gülnarə Məmmədovanın kəlağayılı qızlar çəkilmiş rəsm əsərləri də muzeyə təqdim olunub.
Konsertdə vətən müharibəsinin iştirakçıları, qazilər, şəhid ailələri də iştirak ediblər.
Kəlağayı bir gözəllikdir. Gözəllik yetərincə bu tədbirdə vəsf olunub.
“Ədəbiyyat və incəsənət” (28.11.2022)