Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 100 illiyi Nyu-Yorkda təntənə ilə qeyd edilib Featured

 

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Diaspora Komitəsinin və Azərbaycanın Vaşinqtondakı Səfirliyinin dəstəyi, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin rəhbəri, tanınmış pianoçu, Azərbaycanın Əməkdar artisti Nərgiz Əliyarovanın təşəbbüsü və təşkilatçılığı ilə Nyu-Yorkdakı “Karnegi Holl”da “Dostluq körpüləri” adlı konsert təşkil olunub.

 

“Ədəbiyyat və incəsənət” portalına Mədəniyyət Nazirliyindən verilən məlumata görə, dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyinə həsr olunmuş konsertdə tanınmış musiqiçilər – violin ifaçısı Aleksandr Markov və pianoçu Nərgiz Əliyarova, eləcə də Əməkdar artist, dirijor Fuad İbrahimovun rəhbərliyi altında Nyu-York Virtuozlarının Beynəlxalq Orkestri (NYIVO) iştirak edib.

Tədbiri giriş sözü ilə açan Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin yaradıcısı və prezidenti Nərgiz Əliyarova Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, simfonik muğam janrının banisi, mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş etmiş Fikrət Əmirovun həyat və yaradıcılığı barədə məlumat verib.

Gecədə Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, Fikrət Əmirov və Elmira Nəzirovanın Piano və orkestr üçün ərəb mövzuları əsasında konserti (ABŞ premyerası), Cerri Brubeykerin aranjimanında “Corc tərəfindən Gerşvin”, Faruk Kancanın “Vox in Terra” (“Terrada səs”) əsəri və Feliks Mendelsonun Violin və orkestr üçün e-moll konserti (op. 64) səsləndirilib.

“Dostluq körpüsü” (Bridge of Friendship) adlandırılan musiqili gecəyə Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, diplomatlar, ABŞ-da yaşayan Azərbaycan icmasının fəalları, yerli ictimaiyyətin nümayəndələri və sənətsevərlər qatılıblar.

Tədbirlə bağlı Nərgiz Əliyarova öz fikirlərini bölüşüb: “Mən xoşbəxtəm ki, Azərbaycanın böyük bəstəkarının 100 illik yubileyinin məhz anadan olduğu gündə, dünyanın ən möhtəşəm konsert salonlarının birində 8 aylıq hazırlıqlar nəticəsində ərsəyə gətirdik.”

Qeyd edək ki, konsertə 1400-dən artıq tamaşaçı tamaşa edib.  

 

“Ədəbiyyat və incəsənət” (26.11.2022)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.