Dünyaşöhrətli pianoçunun ustad dərsləri başlandı Featured

 

Mədəniyyət Nazirliyinin Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və “Cultural Network House" (“Mədəniyyət Şəbəkələr Evi”) İctimai Birliyinin birgə təşkilatçılığı ilə dünyaşöhrətli pianoçu Şahin Növrəslinin “Ustad dərsləri” layihəsinə start verilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Ustad dərsləri” layihəsi 3 mərhələdən ibarətdir. İlkin mərhələdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan uşaq musiqi və incəsənət məktəblərində təhsil alan şagirdlər arasında seçim turu keçirilib. Daha sonra Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində “Ustad dərsləri”nə başlanılıb. Həmçinin ustad dərsləri keçən şagirdlərin Şahin Növrəslinin rəhbərliyi ilə konsert proqramı və onlara sertifikatların təqdim edilməsi nəzərdə tutulur.

Layihənin məqsədi Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Uşaq musiqi və incəsənət məktəblərində təhsil alan şagirdlərin klassik repertuarına daxil olan proqramlardan əlavə, ifaçılıq bacarığının ahəngdar inkişaf yollarını özündə cəmləşdirən kamil və universal musiqiçi hazırlamaqdır. Həmçinin caz musiqisinin uşaqlar arasında geniş təbliğini gerçəkləşdirməklə onların bədii estetik zövqünü yüksəltmək, istedadlı şagirdləri üzə çıxarmaq və onların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdir. 

Eyni zamanda, şagirdlərin hərtərəfli şəxsiyyət kimi formalaşmasına dəstək olmaq, eləcə də musiqi təhsilində Avropa standartlarını tətbiq edib ustad dərsləri vasitəsilə onlara daha bir yeni ustad töhfəsi verməkdən ibarətdir.

Layihə dekabrın 3-dək (həftədə bir dəfə olmaqla) davam edəcək.

Qeyd edək ki, “Cultural Network House" İctimai Birliyinin təşkil etdiyi mədəniyyət və incəsənət layihələri ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda Azərbaycan mədəniyyətinin təmsili və təbliğinə xidmət edir.

Bəri başdan deyək ki, uşaqlar bu layihədən hədsiz fayda alacaqlar.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.