Mədəniyyət Nazirliyinin “Şuşa İli” münasibətilə həyata keçirdiyi “Şuşa mədəniyyətinin inciləri” layihəsinin “Muğam ocağı – Şuşa” bölməsi üzrə növbəti təqdimat Cabbar Qaryağdıoğluya həsr olunub.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, xanəndə, bəstəkar, musiqi xadimi Cabbar Qaryağdıoğlu 1861-ci ildə Şuşada Seyidli məhəlləsində anadan olub. Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri idi.
Cabbar Qaryağdıoğlunun səsi güclü dramatik-tenor tipli səs idi. O, bu güclü və əzəmətli səsi ilə son dərəcə lirik-minor ruhlu muğam sayılan "Segah"ı olduqca həzin və yumşaq, eyni zamanda, yanıqlı səsləndirməklə adamda elə təsəvvür yaradırdı ki, muğamı dramatik tenor yox, lirik tenor oxuyur.
Azərbaycanda opera sənətinin meydana gəlməsində də onun rolu böyükdür.
Opera səhnəmizin ilk aktyoru məhz Qaryağdıoğlu olub. Onun "Şahnaz"ı, "Qatar"ı, "Heyratı"sı musiqi xəzinəmizin ən qiymətli inciləridir. Cabbar Qaryağdıoğlu Azərbaycan Dövlət Konservatoriyasının ilk təşkilatçılarından biri olub.
1934-cü il mayın 30-da Tiflisdə Cənubi Qafqaz xalqlarının incəsənət olimpiadasında Cabbar Qaryağdıoğlu qeyri-adi sənətkarlıq və saflığı ilə fərqlənən ən yaxşı çıxışına görə birinci yerə layiq görülüb və Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin birinci dərəcəli Fəxri fərmanı ilə təltif edilib.
1936-cı il martın 31-də M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının binasında Cabbar Qaryağdıoğlunun anadan olmasının 75 illiyi təntənəli surətdə qeyd edilib. 1938-ci ildə isə Cabbar Qaryağdıoğlu uzun illər səmərəli yaradıcılıq fəaliyyətinə və musiqi mədəniyyətimizin inkişafındakı ölməz xidmətlərinə görə “Şərəf nişanı” ordeni ilə təltif edilib.
Cabbar Qaryağdıoğlunun fonovalikə köçürülən 50 xalq mahnısı 1938-ci ildə Azərbaycan musiqisini öyrənən elmi tədqiqat kabineti tərəfindən "Azərbaycan xalq nəğmələri" başlığı altında ayrıca kitab şəklində çap edilib.