Görkəmli Azərbaycan bəstəkarı Cahangir Cahangirovun “Zərif gülüşlüm” adlı musiqi əsərinin Arutyun Pambukçyan və Seda Tadevosyan tərəfindən “Qaram dardzats” adı altında ifa edilməsi mənimsənilməsi və yutub platformasında yayılması faktı Əqli Mülkiyyət Agentliyində araşdırılıb.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, Agentlikdən ifa olunan “Qaram dardzats” adlı musiqi əsərinin (https://www.youtube.com/watch?v=Berg7dsldeI) Azərbaycan bəstəkarı Cahangir Cahangirovun “Zərif gülüşlüm” musiqi əsəri ilə üst-üstə düşdüyü bildirilib. .
Bildirilib ki, “Zərif gülüşlüm” əsəri Cahangir Cahangirovun 1969-cu il 18 dekabr tarixli ərizəsi əsasında Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan şöbəsində (indiki Əqli Mülkiyyət Agentliyində) qeydiyyata alınıb və müvafiq kataloqa daxil edilib.
Musiqi sonralar bir sıra Azərbaycan musiqi nəşrlərinə də daxil edilib (Cahangir Cahangirovun 1971-ci ildə çap olunmuş “Mahnılar (fortepiano ilə oxumaq və xor üçün)”). Bu mahnı, həmçinin Azərbaycanın məşhur ifaçılarından Şövkət Ələkbərova (https://www.yutub.com/watch?v=2qkKlQH5EMs) və İslam Rzayev (https://www.youtube.com/watch?v=4z_BArF0kQ4) tərəfindən də ifa edilib, yutub kanallarına yüklənib.
Əqli Mülkiyyət Agentliyinin ekspertləri bəstəkar Eldar Mansurov və Faiq Sücəddinovun rəylərinə əsasən müəyyən edilib ki, ifa olunan “Qaram dardzats” adlı mahnı Cahangir Cahangirovun “Zərif gülüşlüm” əsəri ilə eynidir. Bu da o deməkdir ki, Arutyun Pambukçyan və Seda Tadevosyan tərəfindən ifa edilən “Qaram dardzats” musiqi əsəri plagiatdır və məşhur Azərbaycan bəstəkarı Cahangir Cahangirovun “Zərif gülüşlüm” əsərinin adı “Qaram dardzats” adı ilə əvəz olunaraq təhrif edilib. Yutub kanalında yerləşdirilmiş Arutyun Pambukçyan və Seda Tadevosyan tərəfindən musiqi əsəri haqqında verilən məlumatda Cahangir Cahangirovun adı göstərilməməklə onun müəllif kimi şəxsi hüquqları, yutub kanalında kommersiya məqsədilə yerləşdirilməsi nöqteyi-nəzərindən isə əmlak hüquqları pozulub. Yutub kanalında mahnı haqqında verilən məlumatda aranjemançı kimi Khachik Sahakyan göstərilib. Müəllif-hüquq qanunvericiliyi baxımından mahnının aranjeman edilməsi üçün müəllifdən və ya onun vərəsələrindən icazə alınmalıdır.
Bu hal, eyni zamanda, Azərbaycanın milli qanunvericiliyinin müddəaları ilə yanaşı, həm də Azərbaycan və Ermənistanın üzv olduqları Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) inzibati idarəçiliyində olan “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern konvensiyasının, ÜƏMT-nin Müəlliflik Hüququna dair Müqaviləsinin və ÜƏMT-nin İfalar və Fonoqramlara dair Müqaviləsinin müddəalarının ermənilər tərəfindən kobud şəkildə pozulmasıdır.
Qeyd etmək istəyirik ki, Əqli Mülkiyyət Agentliyi tərəfindən Azərbaycan xalqına məxsus olan müəllif əsərlərinin, folklor nümunələrinin və digər qeyri-maddi mədəni irs nümunələrinin ermənilər tərəfindən oğurlanması, mənimsənilməsi və erməni nümunələri kimi təqdim olunması hallarına qarşı mübarizə aparılır, tarixi əsaslara söykənən və həmin əsərlərin Azərbaycan xalqına məxsus olmasını danılmaz faktlarla sübut edən arayışlar hazırlanaraq beynəlxalq təşkilatlara göndərilir, kütləvi informasiya vasitələrində yayılır, Agentliyin nümayəndələrinin iştirak etdiyi yerli və beynəlxalq tədbirlərdə ətraflı məlumatlar verilir və erməni saxtakarlığı ifşa olunur.