Xalq artisti Məmmədbağır Bağırzadənin xatirəsi anılıb

 

“Məmmədbağır Bağırzadə xanəndə idi, əsil xanəndə. Neçə-neçə ustad sənətkarların qiymətləndirdiyi ustad xanəndə. Muğamlarımızı, xalq və bəstəkar mahnılarını elə şövqlə, elə obrazla ifa edirdi ki, hər dəfə dinləyəndə adama yeni gəlirdi. O, özü həm də gözəl bəstəkar və şair idi. Özünün bəstələdiyi mahnılar da sevilir, dillər əzbəri olurdu. O, Allah-təalanın sevdiyi tək-tük sənətkarlardan idi ki, səhnəyə gəldiyi ilk gündən ömrünün sonuna kimi və ölümdən sonra da populyarlığını itirmədi.”

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, bu fikirlər noyabrın 10-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Xalq artisti Məmmədbağır Bağırzadənin xatirəsinə həsr olunmuş tədbirdə səslənib.

Gecəni muzeyin direktoru, sənətşünaslıq elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açaraq Xalq artistinin sənət yolundan danışıb. 

Tədbirin aparıcısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı Xalq artistinin oxuduğu hər bir mahnıya öz dəst-xəttini həkk etdiyini vurğulayaraq deyib: "Məmmədbağır Bağırzadə Azərbaycan milli musiqi sənətinə çox sayda gözəl mahnılar bəxş edib. Sənət yolu toylardan və el şənliklərindən başlasa da, o, həm klassik, həm də müasir bəstəkarların əsərlərinə müntəzəm müraciət edib. Xanəndənin ifasında səslənən 200-dən çox mahnı, təsnif, muğam xalqa yadigar qalıb". 

Tədbirdə Xalq artistləri Ramiz Quliyev, Ağasəlim Abdullayev, Zaur Rzayev, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru Nazim Kazımov, Əməkdar incəsənət xadimi Çingiz Abbasov, Nardaran kənd ağsaqqalı Hacı Ağası və başqaları xanəndə haqqında danışaraq xatirələrini bölüşüblər. 

Sonda qonaqlar xanəndənin oğlu Rahim Bağırzadənin muzeyə hədiyyə etdiyi Məmmədbağır Bağırzadəyə məxsus bəzi əşyalar və fotoşəkillərdən ibarət sərgi ilə tanış olublar.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.