“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Noyabrın 7-dən etibarən paytaxtımızda dünyaca məşhur xoreoqraf və performer Şahar Binyamini tərəfindən ustad dərsləri keçirilir.
Noyabrın 12-də davam edəcək müasir rəqs üzrə ustad dərsləri YARAT Müasir İncəsənət Mərkəzində reallaşmaqdadır.
Ustad dərsləri Şahar Binyamini və onun assistenti Cozef Kudra tərəfindən keçirilir.
Şahar Binyamini əslən İsraildən olan xoreoqraf və performerdir. 2006-2013-cü illərdə "Batsheva Dance Company" kollektivinin tərkibində çıxışlar edib. Həmçinin Şahar Binyamini beynəlxalq səviyyəli quruluşların yaradıcısı kimi sayılır.
İsrailli xoreoqraf, müasir rəqqas, "Qaqa" adlı unikal rəqs sisteminin, dilinin, pedaqogikasının yaradıcısı və müəllimi Ohad Naharinin assistenti kimi Şahar Binyamini bütün dünya üzrə rəqs kollektivləri ilə işləyir. 2013-cü ildə Şahar Binyamini Veysman Elm İnstitutunun professoru Atan Qross ilə birgə, rəqqaslar, elm adamları və xoreoqraflardan ibarət "TNUDA" elmi-tədqiqat qrupunu təsis edib. Elə həmin Veysman İnstitutunda yerləşən qrupun əsas məqsədi elm və hərəkət arasında əlaqələri araşdırmaqdır. 2020-ci ildə Şahar, Veysman Elm İnstitutu tərəfindən təşkil edilmiş unikal art-rezidentura proqramında iştirak etmək üçün dəvət edilən ilk artist oldu. Rezidentura ərzində o, "EVOLVE" quruluşunu yaratdı. Bu əsərin premyerası institutda baş tutdu və dünyanın bir çox ölkələrində nümayiş etdirildi.
Şahar Binyamini İsrail Mədəniyyət Nazirliyi tərəfindən təsis edilmiş 2021-ci ilin ən uğurlu xoreoqrafı mükafatına layiq görülüb.