Elman Eldaroğlu yazır
Kim nə deyir desin, məlahətli səs, səlist ifa qabiliyyəti İlahi vergidir, hər xanəndədə olmur. Kimə verilibsə, hökmən sədası eşidiləcək və gec-tez sahibini tanıtdıracaq...
“Ailədə yeddi uşaq olmuşuq. Mən Şamaxıda anadan olsam da, övladı olmadığına görə, anadan olan kimi məni Bakıda yaşayan bibimə övladlığa veriblər. Ona görə də Bakıda böyümüşəm. Bibim məni 6 yaşında məktəbə qoyub. Çünki həmişə istəyirdi ki, mən tez böyüyüb hər şeyə sahib olum. Onun arzusu ilə uşaq vaxtından musiqi məktəbinə getmişəm, özfəaliyyət dərnəklərində iştirak etmişəm. Məktəb illərində dərslərimi çox yaxşı oxuyurdum. Bütün tədbirlərdə birinci olurdum. Niyə gizlədim, müəllimlərim məndən dərs soruşmurdular, gözəl səsim olduğu üçün qiymət yazırdılar. Qardaşım çox gözəl xanəndə idi. Şamaxının hörmətli məclislərini o aparırdı. Arada rayona gedirdim. Görürdülər mən rayondayam, uşaq olsam da toy sahibləri istəyirdilər ki, mən də toyda mahnı oxuyum.” – söyləyir...
Haqqında söhbət açdığım Mələkxanım Əyyubova da İlahi vergi- məlahətli səsinin hesabına tanınır və sevilir. O, 1962-ci ildə anadan olub. Orta təhsilə 155 saylı məktəbdə yiyələnib. Eyni zamanda qarmon ixtisası üzrə 5 illik musiqi məktəbini bitirib. Ə.Cavanşirovun rəhbərlik etdiyi uşaq xorunun solisti olub. 1979-cu ildən 1984-cü ilə kimi M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət Universtetinin "Musiqili komediya aktyorluğu" fakültəsində ali təhsil alıb. 1980-ci ildən 1985-ci ilədək "İrs" folklor ansamblının, 1985-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində S. Rüstəmov adına Xalq Çalğı Alətləri orkestrinin solisti olmaqla yanaşı, C. Qaryağdıoğlu adına muğam üçlüyündə çalışıb.
Dünyanın bir çox ölkələrində konsert proqramları ilə çıxış edib. 1995-ci ildə Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasında Leyli rolunun ifaçısı olub.
Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində muğam ixtisası üzrə professor vəzifəsində çalışır. Prezidentin sərəncamı ilə Azərbaycanın xalq artisti adına layiq görülüb...
İlk müəllimi Qulu Əsgərov olub. Çox sənətkarlara qulaq asıb, onlardan bəhrələnərək püxtələşib. Canəli Əkbərov, Arif Babayev, Əlibaba Məmmədov və bir çox xanəndələrin ifalarına hələ də qulaq asıb bəhrələnir. Zeynəb Xanlarovanı çox bəyəndiyini və dinləməkdən yorulmadığını dilə gətirir...
Adət-ənnəyə bağlı adamdır. Cəmiyyət tərəfindən qəbul olunmuş qaydalara riayət etməyi xoşlayır. Nəzakət, mədəni davranış, mehriban rəftar onun həyat tərzidir...
Deyir ki,- “Söhbət ifaçılardan gedərkən. İstər yaşlı olsun, istərsə də gənc, böyük-kiçik yeri bilməyənlər çox qıcıqlandırır məni. Əvvəldən görmüşük ki, bizim xalqımızda həmişə böyük-kiçiyə hörmət olub. Sənət adamlarının yanından keçəndə elə hərəkət edirlər ki, bu adamı qıcıqlandırır. Baxırsan gözəl sənəti var, amma hörmətsizlik edəndə olur sıfır. Olmaz axı. El şənliklərinə gedirik, bizi xalq dolandırır. Xalqın məhəbbətini qazanmasan, dövlət də sənə o xalq artisti adını verməz. Dövlət də görür ki, xalq səni sevir. Ona görə sənə ad verir. Ona görə gənclərimizə məsləhətim budur ki, həmişə böyük-kiçik yerini bilsinlər…”
Ailəcanlı, evinə-ocağına bağlı xanımdır. Dörd uşaq böyüdüb, yüksək təhsil verib, araya-ərsəyə gətirib. İndi də nəvələrindən sevgisini əsirgəmir:
“Deyirlər ki, nənə nəvəsini öz doğma övladından belə çox istəyir. Mənim üçün övladım da, nəvəm də çox dəyərlidir. Hərəsinin ayrı gözəlliyi və ayrı şirinliyi var. Mənim 4 övladım var. Axırıncı övladım o biri uşaqlarımdan çox kiçikdir. Yeri gələndə, o nəvə yerində idi. Bizə deyirdilər ki, o sizin nəvənizdir. Hamımız onu əzizləyirdik. Nəvələrim olandan sonra artıq onları əzizləməyə başladıq. Övladlarımız dünyaya gələndə çox gənc oluruq. Övladla məşğul olmağa vaxtımız çox olmur, yalnız uşağın tərbiyəsi və digər qayğıları ilə məşğul oluruq. Onu oynatmağa, danışdırmağa o qədər də çox vaxtımız qalmır. Ev qayğısı, iş, uşaq ananın başını çox qatır. Ancaq nəvədə bütün bu yüklərlə valideynlər məşğul olur. Sən də elə bir yaş həddində olursan ki, nəvə ilə oynamağa vaxtın çox olur, bütün günü əzizləyirsən. Nəvə nənənin, babanın zamanının bol vaxtına düşür. Nəvələrimi bəlkə övladlarımdan da çox istəyirəm.”- söyləyir...
Noyabrın 5-də ana, nənə Mələkxanım xanımın ad günüdür- 60 yaşı tamam olur. Məlahətli səsi ilə zövqləri oxşayan xalq artisti və ünlü xanəndəmizi bu münasibətlə təbrik edir, möhkəm cansağlığı, firəvan həyat arzulayırıq!