“Şuşa İli” ilə əlaqədar olaraq Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən həyata keçirilən “Cənnətim Qarabağ” adlı rubrika davam edir.
“Ədəbiyyat və incəsənət” portalı muzeyin AzərTAC-a unvanladığı məlumata ustinadən bildirir ki, layihə çərçivəsində növbəti təqdimat Azərbaycanın muğam və sənət beşiyi sayılan Şuşanın musiqi mədəniyyətimizə bəxş etdiyi görkəmli sənətkarlarından biri, Xalq artisti Əbülfət Əliyevə həsr olunub.
Əbülfət Əsəd oğlu Əliyev 1926-cı il dekabr ayının 30-da Qafqazın konservatoriyası adlandırılan Şuşa şəhərində çox zəngin bir ailədə anadan olub. XX əsrin 30-cu illərində, o, hələ körpə ikən, ailə bolşevik rejiminin qurbanı olur və ata-babadan miras qalan bütün əmlakını itirir. Bu da onların maddi vəziyyətini ağırlaşdırır. Baş verənlərdən olduqca sarsılan atası Əsəd kişinin erkən və qəfil ölümündən sonra bütün öhdəlik anası Mülayim xanımın çiyinlərinə yüklənir. O, ailəsini dolandırmaq üçün Füzuli rayonunda yaşayan qohumlarına sığınır. Dərzilik etməklə az-çox tələbatlarını ödəməyə çalışan Mülayim xanım vaxtı yetəndə övladlarını elə oradakı kənd məktəbinə yollayır. Dörd il ötdükdən sonra ailə köç edib Ağdamda məskunlaşdığı üçün balaca Əbülfət təhsilini buradakı şəhər məktəbində davam etdirir. Musiqiyə həvəsi də həmin vaxtda yaranır. O dövrdə Qarabağda elə bir əbədi mühit mövcud idi ki, ilin müxtəlif vaxtlarında burada şənliklər, toylar, yığıncaqlar təşkil edilər, elin tanınmış aşıqları, xanəndələri, musiqiçiləri bir yerə yığışar, çalıb oxuyardılar. Əbülfətin uşaqlığı da Seyid Şuşinskinin, Xan Şuşinskinin, Musa Şuşinskinin iştirak etdiyi belə məclislərdə keçərdi. Beləcə onların bənzərsiz ifalarına usanmadan qulaq asan balaca Əbülfətin xanəndə olmaq arzusu günbəgün artır. Dövr yetişir, o, Ağdamda Xan Şuşinskinin rəhbərliyi altında açılmış muğam sinfinə yazılır. Daha sonra isə Bahadır Mehralı oğlundan dərs alaraq xanəndəlik sənətinin sirlərini öyrənir. Xoş avazı ilə qısa bir zamanda hər kəsin diqqətini özünə çəkir. Onun oxuduğu “Ay bülbüllər”, “Kimə yalvarım”, “Uca barıdan aşaram mən”, “Uca dağlar” kimi mahnıları musiqisevərlərin ruhunu oxşayır. Bundan sonra o, tarzən Məşədi Nəriman və kamançaçı Elman Bədəlovla birgə Qarabağ toylarına dəvət alır, bu məclislərdə segah oxumaları ilə dinləyənləri səsinə valeh edir. Çox keçmir ki, bu istedadlı gəncin səs-sorağı bütün ölkəyə yayılır və o, Bakıdan dəvət alır. Bir müddət radioda solist işlədikdən sonra Azərbaycan Dövlət Filarmoniyasının səhnəsinə bir xanəndə kimi qədəm basır. O, burada dövrün tanınmış səhnə ustaları - Zülfü Adıgözəlov, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva, Bülbül, Hüseynağa Hacıbababəyov, Xanlar Haqverdiyev, Şirzad Hüseynov, Yavər Kələntərli və s. sənətkarlarla birlikdə konsertlər verir.
Ə.Əliyevin xanəndə kimi yaradıcılığına nəzər salsaq, onun zəngin repertuarında “Şuşanın dağları”, “Dinə bilmədim”, “Bu qala, daşlı qala”, “Ay Pəri”, “Endim bulaq başına”, “Bülbüllər gəzər bağı”, “Tel nazik”, “Saçları burma”, “Gəl-gəl”, “Xal yanağında”, “Qara gözlüm” kimi ümumilikdə 400-dən artıq xalq və bəstəkar mahnısının yer aldığını görərik.
Ə. Əliyev həm də opera səhnəmizin çox sevilən və təqdirəlayiq sənətkarlarından biri olub. Uzun müddət Opera və Balet Teatrında çalışan xanəndə bu sənət ocağının səhnəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm”, Zülfüqar Hacıbəylinin “Aşıq Qərib”, Müslüm Maqomayevin “Şah İsmayıl” operalarında Məcnun, Kərəm, Qərib, Şah İsmayıl və s. partiyaları məharətlə ifa edib. Hər kəsə məlumdur ki, səhnəmizdə Məcnun obrazını yaradan hər bir xanəndənin ifası özünəməxsus olub. Ə.Əliyev də teatr tariximizdə bu rolun ən yaxşı ifaçılarından biri kimi qalıb. O, muğam üstə ürəkdağlayan avazı, aydın tələffüz etdiyi qəzəlləri ilə Məcnunun Leyli həsrətini və iztirablarını tamaşaçıya bütün səmimiyyəti ilə çatdıra bilirdi. 1957-ci ildə lentə alınan “Leyli və Məcnun” radiomontajında Ə.Əliyevin Məcnun obrazındakı ifası bizə bu sənətkarın istedadının hüsnünü çatdıra biləcək lent yazılarındandır.
Təsadüfi deyil ki, görkəmli xanəndənin şöhrəti Azərbaycanın hüdudlarını aşaraq İrana, Misirə, Hindistana, Rusiyaya, Almaniyaya, Kanadaya və başqa ölkələrə də yayılıb. 1971-ci ildə Moskvada keçirilən Ümumdünya Musiqi Konqresində iştirak edən xanəndə yüksək ifaçılıq bacarığına görə UNESCO-nun döş nişanına və diplomuna layiq görülüb, ifası isə ümumittifaq radiosu ilə yayımlanıb. O, milli musiqimizin inkişafındakı xidmətlərinə görə 1958-ci ildə Əməkdar artist, 1964-cü ildə isə Xalq artisti fəxri adları ilə təltif olunub.
Yaradıcılığı boyunca Azərbaycan incəsənətini layiqincə təbliğ və təmsil edən Əbülfət Əliyev 1990-cı il dekabrın 27-də Bakıda vəfat edib və ikinci Fəxri xiyabanda dəfn olunub.