UNESCO Baş direktorunun müavini: Dahi bəstəkar Fikrət Əmirov təşkilatın dəyərlərinə böyük töhfə verib

 

UNESCO-nun 70 illik Proqramı çərçivəsində qurumun dəyərlərinin təşviqinə töhfə verən incəsənət xadimlərinin, tanınmış şəxsiyyətlərin yubileyi qeyd olunur. Azərbaycanın dahi bəstəkarı Fikrət Əmirov da UNESCO-nun həmrəylik, qarşılıqlı anlaşma kimi dəyərlərinə böyük töhfə verib. Bu gün onun anadan olmasının 100 illiyini qeyd edirik. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu fikirləri UNESCO-nun Baş direktorunun xarici əlaqələr və Afrika prioriteti üzrə müavini Firmin Eduard Matoko Azərbaycanın tanınmış bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyinə həsr edilmiş konsertdən sonra AZƏRTAC-a müsahibəsində ifadə edib. 

Firmin Eduard Maotoko gecənin təşkilinə görə Azərbaycan Mədəniyyət Nazirliyinə və təşkilat yanındakı daimi nümayəndəliyinə təşəkkür edərək, belə bir gecənin təşkilindən çox şad olduqlarını bildirib. 

“Belə bir gecənin təşkili, həmçinin Azərbaycan ilə UNESCO arasında sıx əməkdaşlığı əks etdirir. Azərbaycanın dahi bəstəkarı Fikrət Əmirov öz musiqisi vasitəsilə UNESCO-nun həmrəylik, qarşılıqlı anlaşma kimi dəyərlərinin təşviqinə töhfə verib. 

Musiqi bütün dillər üçün əlçatandır və bədii ifadə baxımından mühüm dəstəkdir. Musiqi universal xarakterə malik mesajdır. Mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə töhfə vermiş görkəmli şəxsiyyətlərin, əsərlərin, eləcə də hadisələrin qeyd olunması beynəlxalq anlaşmaya, xalqlar arasında yaxınlaşmaya və sülhə kömək edir. UNESCO-nun artıq 70 ildir həyata keçirdiyi Proqram vasitəsilə qurumun dəyərlərinin təşviqinə töhfə vermiş və verən incəsənət xadimlərinin, tanınmış vacib şəxsiyyətlərin yubileyi qeyd olunur”, - deyə F. E. Matoko vurğulayıb. 

Qeyd edilib ki, bu tədbir mədəni irs, dialoq, mədəniyyət müxtəlifliyi əks etdirir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.