Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq musiqi məktəbinin əsaslı təmirdən sonra açılışı olub

 

Milli Musiqi Günündə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq musiqi məktəbinin (Yasamal rayonu) binasının əsaslı təmirdən sonra açılışı olub.

 

“Ədəbiyyat və incəsənət” xəbər verir ki, mərasimdə  mədəniyyət naziri Anar Kərimov, nazirliyinin əməkdaşları, məktəbin kollektivi iştirak edib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev musiqi məktəbində yaradılan şəraitlə bağlı nazir Anar Kərimova məlumat verib. Bildirilib ki, ümumi sahəsi 789 kv m olan bina texniki cəhətdən yenidən qurulub, zəruri inventar və avadanlıqlarla təmin edilib. Təmirdən sonra məktəbin binasında 24 sinif otağı, akt zalı, 2 inzibati otaq və mətbəx otağı yaradılıb.

Sonra həmkarlarını təbrik etməyə gəlmiş Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Cövdət Hacıyev adına 3 nömrəli Musiqi məktəbi xor kollektivinin ifasında Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edən mədəniyyət naziri Anar Kərimov Milli Musiqi Günü münasibətilə hər kəsi təbrik edib, açılış mərasiminin məhz belə bir gündə keçirilməsinin xüsusilə əlamətdar olduğunu vurğulayıb. Bildirib ki, hər il olduğu kimi, bu il də Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı ilə bağlı geniş proqram tərtib etmişdik. Təəssüflər olsun ki, son günlərdə düşmən təxribatı nəticəsində sərhəddə baş verən hadisələr,  şəhidlərimizin olması festivala kədərli notlar əlavə etdi: “Amma şəhidlərimizin qanı yerdə qalmadı, ordu bölmələrimiz düşmənə sarsıdıcı zərbə vurdu. Kədərli günlərdə də bizim musiqimiz səslənməlidir. Hamıya bəyan etməliyik ki, biz Qarabağımıza, Üzeyir Hacıbəylinin vətəni Şuşaya mədəniyyətimizi və musiqimizi qaytarırıq...”.

Anar Kərimov qeyd edib ki, xalqın gücü, qüdrəti onun mədəniyyətdən asılıdır. Biz bunu 44 günlük Vətən müharibəsində bir daha sübut etdik. Ümumiyyətlə, tariximizə nəzər yetirsək görərik ki, bizi biz və möhkəm edən mədəniyyətimizə, milli köklərimizə və mənəvi dəyərlərimizə bağlılıqdır.

Əsaslı təmir olunan məktəbin kollektivinə uğurlar arzulayan nazir bildirib ki, vaxtilə Üzeyir Hacıbəylinin bu məktəbdə fəaliyyət göstərməsi tədris ocağı və onun kollektivinin üzərinə əlavə məsuliyyət qoyur: “Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyətimiz, milli musiqimizin inkişafı üçün çox böyük səy göstərirlər. Bu müəssisələrin təmir edilməsindən sonra fəaliyyət mükəmməl olmalıdır. Məktəb kollektivi öz səylərini ortaya qoyaraq milli musiqimizi yeni nəsillərə ötürməlidir. Biz də Mədəniyyət Nazirliyi olaraq bu işlərdə sizlərə əlimizdən gələn köməkliyi edəcəyik”.

Qeyd edək ki, 6 nömrəli Uşaq musiqi məktəbi 1937-ci ildə fəaliyyətə başlayıb. 1992-ci ildə məktəbə Xalq artisti, görkəmli tarzən Əhməd Bakıxanovun adı verilib. Məktəbdə 4 şöbə üzrə 13 ixtisas (fortepiano, violin, klarnet, fleyta, saksofon, tar, kamança, qanun, qarmon, nağara, vokal, xanəndəlik, gitara) tədris olunur, 278 şagird təhsil alır, 52 nəfər müəllim çalışır. Həmçinin şagirdlərdən ibarət xalq çalğı alətləri ansamblı, xor kollektivi və skripkaçılar ansamblı fəaliyyət göstərir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.