Azərbaycan prezidenti İlham Əliyev:
Müslümün öz doğma torpağına bağlı olması onun yaradıcılığında da özünü göstərib. Azərbaycana, Odlar Yurduna, Xəzər dənizinə həsr edilmiş onun bəstələdiyi mahnılar nə qədər əzəmətlidirsə, o qədər də Vətənə sevgi ilə dolu olan mahnılardır. O mahnılar bu gün də yaşayır və əbədi yaşayacaq.
Biz bu mahnını Bakıda Filarmoniya zalında Müslümlə vida mərasimində eşitdik və çox təsirləndik, çox duyğulandıq. Çünki bilmirdik ki, bu mahnı yazılıb, Müslim özü onu bəstələyib. O mahnının adı “Əlvida, Bakı” idi və o anlayırdı ki, artıq Bakıya gələ bilməyəcək, ən sevimli şəhərə gələ bilməyəcək, bu küçələrdən keçə bilməyəcək, Bakıdakı dostları ilə görüşə bilməyəcək. Təsəvvür etmək çətindir ki, onun kimi həyatı sevən, onun kimi, necə deyərlər, dostlarla bir yerdə olmaq həvəsində olan adam, bax, bu vida mahnısını bəstələyir və bizimlə, şəhərlə vidalaşır. Eyni zamanda, bu, onu göstərir ki, hətta sağlamlığı o qədər də yaxşı olmayan vəziyyətdə onun istedadı, onun böyük sənətkar olması yenə də yerində idi.
Müslüm bizimlədir, bu gün Bakıdadır, onun gözəl abidəsi bu gün açılacaq və Bakı heç vaxt onu unutmayacaq. Azərbaycan xalqı heç vaxt onu unutmayacaq. Onun xatirəsi onu tanıyanların qəlbində yaşayacaq, onun möhtəşəm səsi, onun sənəti əbədi yaşayacaq.
Mədəniyyət naziri Anar Kərimov:
Bu gün Azərbaycan xalqı və mədəniyyəti üçün əlamətdar bir gündür. Dünyaşöhrətli ifaçı Müslüm Maqomayevin anım gününə toplaşmışıq. Onun Azərbaycan xalqının, mədəniyyətinin zənginləşməsinə verdiyi töhfəni qeyd etmək və xatırlamaq üçün hamınız bu gün buradayıq. Müslüm Maqomayev XX əsrin ən nəhəng vokal ifaçılarından biri olaraq dünya estradasının ən gözəl nümunələrini seçərək özünəməxsus şəkildə ifa edirdi. O, Azərbaycanı bütün dünyada tanıdan yaradıcı şəxsiyyət olub.
Biz Azərbaycan xalqı olaraq M.Maqomayev kimi şəxsiyyəti heç vaxt unutmayacağıq və onun ifa etdiyi mahnılar daim bizim yaddaşımızda özünəməxsus yerini tutacaq. Dövlətimiz tərəfindən də onun yaradıcılığına hər zaman böyük dəstək göstərilib. Eyni zamanda, ulu öndər Heydər Əliyev onun yaradıcılığını yüksək qiymətləndirərək, Müslüm Maqomayevə çox böyük dəstək olub. Bu ənənə də Prezident İlham Əliyev tərəfindən davam etdirilir. M.Maqomayevin yaradıcılığı və mahnıları hər zaman qəlblərdə yaşayıb və həmişə də yaşayacaq.
Müğənni Emin Ağalarov:
Bu gün Müslüm Maqomayevə həsr edilən əsrarəngiz konsert proqramı təqdim olunacaq və həmin konsertdə dünyaşöhrətli müğəninin repertuarında olan mahnıları tanımış ifaçılar səsləndirəcəklər. Müslüm Maqomayev musiqi tarixində bənzəri olmayan unudulmaz sənətkardır. Onun mahnıları hər zaman gənc istedadlar tərəfindən ifa olunaraq əbədi yaşayacaq.
Prezident İlham Əliyevəvə Birinci vitse-prezident Mehriban Əliyevaya öz dərin təşəkkürünüzü bildiririk ki, sənətkarı hər zaman böyük hörmət və ehtiramla yad edərək unudulmağa qoymurlar. Müslüm Maqomayev elə bir böyük sənətkar və şəxsiyyət olub ki, onun musiqi tarixində varlığı, eləcə də əvəzolunmaz yaradıcılığı əsrlər boyu bir çox musiqiçilərə, yaradıcı insanlara örnək olaraq, həmçinin bu sənətdə çoxlarına düzgün yol göstərəcək.