Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən VIII “Muğam” Televiziya Müsabiqəsinin finalı və qala-konsertinə Şuşa şəhəri ev sahibliyi edəcək.
Final gecəsi bu gün, qala-konsert isə sabah keçiriləcək.
Finala və qala-konsertə tanınmış sənət adamları, mədəniyyət və incəsənət xadimləri dəvət olunub. Final gecəsinin açılışını Xalq artisti Mənsum İbrahimov edəcək. Ardınca iştirakçıların ifaları dinləniləcək, münsiflər heyətinin məşvərətindən sonra qaliblər elan olunacaq.
Qala-konsertdə bu günədək keçirilən səkkiz “Muğam” müsabiqəsinin qalib və mükafatçıları çıxış edəcəklər. İfalar müsabiqənin keçirildiyi illər üzrə duet şəklində təqdim olunacaq.
Müsabiqənin finalı Bülbülün ev-muzeyinin həyətində, qala-konsert isə Cıdır düzündə təşkil olunacaq. Hər iki konsert proqramı AzTV, “Mədəniyyət” TV və Azərbaycan Radiosu vasitəsilə saat 16:00-dan etibarən canlı yayımlanacaq.
İki saatlıq muğam ziyafətini AzTV və “Mədəniyyət” TV-nin rəsmi feysbuk və YouTube səhifələrində də canlı izləmək mümkün olacaq. Bununla yanaşı, avqustun 5-6-da saat 21:00-da Dənizkənarı Milli Parkdakı böyük monitorda VIII “Muğam” müsabiqəsinin finalı və qala-konserti nümayiş etdiriləcək.
Finalın Şuşada keçirilməsi VIII “Muğam” müsabiqəsinin məhz “Şuşa İli”nə təsadüf etməsi ilə bağlıdır. Muğamın beşiyi olan mədəniyyət paytaxtımızın yarışmanın həlledici etapına ev sahibliyi etməsi QSC-nin “Şuşa İli”nə töhfəsidir.
Qeyd edək ki, müsabiqənin seçim turları aprelin 9-da başlanıb, Ağdam, Füzuli və digər işğaldan azad olunmuş ərazilər başda olmaqla bütün regionları əhatə edib. Yarışma mayın 10-da start götürüb. Müsabiqə üç ay müddətində həftədə iki dəfə olmaqla Azərbaycan Televiziyası və “Mədəniyyət” kanalı vasitəsilə canlı yayımlanıb.