Çox təəssüf ki, musiqimizin canlı klassiki, korifeyi olan Xalq artisti Flora Kərimovanın başı daim hansısa süni yaradılmış konfliktlərə qarışır, sanki müğənninin adından kimlərsə özlərinə reklam tuturlar. Müğənni də əsəblərini cilovlaya bilmir və boyaları daha da tündləşdirir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu dəfə Flora Kərimova ilə müğənni Afət Fərmanqızının münasibətləri məhkəmə instansiyasına aparıb çıxarıb, məhkəmənin keçiriləcəyi tarix də məhz bu gündür.
Afət Fərmanqızı öz sosial media hesabında yazır:
"Bu dəfə mən onu məhkəməyə verdim. Flora Kərimova dediyi təhqirlərə cavab versin. Jurnalistlərə deyib ki, xəbərim yoxdur. Yoxdursa, bunu oxusun və xəbər tutsun".
Qeyd edək ki, F.Kərimova da Fərmanqızını məhkəməyə verib. Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə ittiham olunmasını tələb edir.
Əlavə edək ki, jurnalist Ülviyyə Alovlu da bir müddət əvvəl Flora xanımı məhkəməyə verdiyini açıqlamışdı.