Həştərxanda “OperaFirst 2022” Xəzər klassik musiqi festivalı keçiriləcək. Tədbir sentyabrın 2-dən 11-dək davam edəcək.
“Mədəniyyət” milli layihəsi çərçivəsində təşkil olunacaq konsert proqramında Rusiya, Azərbaycan, İran, Türkmənistan və Qazaxıstan teatrlarının solistləri iştirak edəcəklər.
Festival çərçivəsində Xəzəryanı ölkələrin günləri keçiriləcək. Bu tədbirlərin qonaqları Xəzəryanı dövlətlərin hər birinin mədəniyyəti ilə tanış ola biləcəklər. Sentyabrın 9-u festivalda Azərbaycan Günü olacaq. Həmin gün Həştərxan Dövlət Filarmoniyasında Qara Qarayev, Fikrət Əmirov, Oqtay Zülfüqarov və Firəngiz Əlizadənin əsərləri səslənəcək.
Əsərləri Səidə Tağızadə (fortepiano), Rəna Rəhimova (alt), Ümidə Abbasova (skripka), Nəzrin Asanlı (skripka), Emin Hüseynov (skripka), Orxan Hüseynov (violonçel) ifa edəcəklər.
Konsertin aparıcısı Azərbaycanın Xalq artisti, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadədir.
Festivalın qonaqlarını dünya səhnəsinin ulduzlarının iştirakı ilə möhtəşəm qala-konsert, o cümlədən azərbaycanlı tenor, beynəlxalq müsabiqələr laureatı Azər Zadənin çıxışı gözləyir.