Şəki şəhərində “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalı davam edir

 

Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə iyulun 7-də açılan növbəti musiqi bayramı – Şəki “İpək Yolu” XI Beynəlxalq Musiqi Festivalı davam edir.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda Azərbaycanın tanınmış teatr və musiqi kollektivləri iştirak edirlər.Festivalın təntənəli açılış mərasimi “Marxal” kompleksinin Yay Teatrında keçirilib.

Açılış mərasimdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov 2010-cu ildən başlayaraq hər il Şəkidə keçirilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının şəhərin mədəni həyatında böyük bir hadisə olduğunu diqqətə çatdırıb. “Təəssüf ki, pandemiya səbəbindən biz iki il bu festivalı keçirə bilmədik. Şükürlər olsun ki, hər şey arxada qaldı. Hər ilin yayında şəhərimizdə keçirilən və artıq ənənə halını alan “İpək Yolu“ Beynəlxalq Musiqi Festivalını bu il yenidən qeyd edirik. Həmişə olduğu kimi bu il də festivalda tanınmış musiqi kollektivləri iştirak edirlər. Şəhərimizin sakinləri və qonaqlar yenə də gözəl bir musiqi bayramının şahidi olacaqlar”, - deyə icra hakimiyyətinin başçısı vurğulayıb.Vurğulayıb ki, Şəki “İpək yolu” XI Beynəlxalq Musiqi Festivalının yüksək səviyyədə qeyd olunması xalqımızın zəngin mədəniyyətinin, şəhərin turizm potensialının təbliği baxımından mühüm əhəmiyyətə malikdir.

Festivalın açılış mərasimində F.Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı geniş konsert proqramı ilə çıxış edib. Ansamblın bədii rəhbəri və baş dirijoru Xalq artisti Ağaverdi Paşayev, xormeyster Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, baletmeyster Əməkdar artist Ceyhun Qubadovdur. Konsertdə Azərbaycan bəstəkarlarının əsərləri, dünya xalqlarının mahnı və rəqsləri ifa olunub.

Festivalın növbəti konsert proqramları bu gün davam edəcək.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.