Əfsanəvi artist və pop musiqisinin kralı Maykl Ceksonun qızı Peris aktrisalıq sənətini seçib. AP agentliyi Peris Ceksonun şəklini və haqqında məlumat yayıb. “Ədəbiyyat və incəsənət” bu məlumata istinadən bildirir ki, Peris Maykl Ceksonun və onun ikinci həyat yoldaşı Debbie Rounun qızıdır. Peris ögey qardaşı ilə birlikdə futbol, softbol oynayar və çerliderliklə məşğul olardı, ixtisaslaşdırılmış məktəbdə təhsil alırdı. Atası rəhmətə getdiyi zaman Peris 11 yaşında idi, o, hələ də bu itki ilə barışa bilmir.
Bir müddət sonra gənc Peris Hollivudu fəth etmək qərarına gəldi və 2013-cü ildə o, aktyorluq karyerası ilə tam məşğul olmaq üçün məktəbi tərk etdi. Məktəbdə qız çox şeyə dözməli idi, onu sevmirdilər və o, həmyaşıdlarının istehzasını çox ağır keçirirdi, ona görə də məktəbi atmaq qərarına gəldi.
İş, fəaliyyət gözəl və istedadlı qıza mükəmməl həyata qayıtmağa kömək etdi. O, məşhur brendlərlə işləməyə, musiqi videolarında və kinoda çəkilməyə başladı. Hətta bu gün, bir neçə il sonra Peris sevgi və həssaslıqla uşaqlığını xatırlayır. O, həmişə Mayklın dünyanın ən yaxşı atası olduğunu etiraf edir, buna görə də tez-tez onunla keçirdiyi günləri xatırlayır.
Biz Peris haqqında bu xəbəri Maykl Cekson sənətini sevən on minlərlə insanı məlumatlandırmaq üçün verdik, amma heç Maykl Ceksonu tanımayanlar üçün də bu xəbərin özəl notları var. Baxın, şöhrətli atanın var-dövlət içində üzən sevimli qızı. Qəfildən aydın səmada şimşək çaxır, qara buludlar peyda olur, ata dünyasını dəyişir. Qız bundan depressiyaya düşür, bir yandan da oxuduğu məktəbdə yoldaşları onun üzərinə yeriyir, vaxtı ilə paxıllığını çəkdikləri qızın enişindən istifadə edirlər, onu istehza mənbəyinə çevirirlər. Bununla belə, qız sınmır, özündə güc tapır, məktəbi atıb Hollivuda gedir, işə düzəlir, tanınır, sevilir, pul qazanır. Beləcə, necə deyərlər, küldən yenidən yaranır.
Bu hekayət hər kəs üçün hikmətlidir, ibrətamizdir.