Bildiyiniz kimi, bu il dekabr ayının 19-da Fransanın paytaxtı Parisdə sayca 19-cu “Junior Eurovision-2021” mahnı müsabiqəsi keçiriləcək. Şüarı “Imagine!”- (yəqin ki, stajlı musiqisevərlər musiqi əfsanəsi Con Lennonun eyni adlı mahnısını xatırladılar) olan mahnı müsabiqəsinin ( imagine dilimizə “təsəvvür et” kimi tərcümə olunur) Parisdəki “La Seine Musicale” kompleksində keçirilməsi planlaşdırılır. Bəs niyə imagine? Çünki ötənilki müsabiqəni Fransa təmsilçisi Valentina məhz “J’imagine” mahnısı ilə qazanmışdı.
Azərbaycan da daxil olmaqla 14 ölkənin iştirakının qeydə alındığı mahnı müsabiqəsində Ukrayna, Makedoniya, Gürcüstan, Portuqaliya, Polşa, İrlandiya, Serbiya, Rusiya və digər ölkələrin təmsilçiləri səhnəyə çıxacaqlar. Son siyasi hadisələrə etiraz əlaməti olaraq Belorusun yarışmada iştirakına icazə verilməmişdir.
Xəbər verdik ki, Azərbaycanı bu mötəbər yarışmada Sona Əzizova təmsil edəcək. Azərbaycan Portuqaliyadan sonra ikinci ölkədir ki, iştirakçısı indidən müəyyənləşib. Yeri gəlmişkən, Portuqaliya təmsilçisi Simau Oliveyra adlı yeniyetmə qızcığazdır.
İctimai Televiziyanın (İTV) Mətbuat katibi Aynurə Asimqızının məlumatına görə, güclü səsə malik olan təmsilçimiz İTV tərəfindən keçirilən “Səs Uşaqlar” mahnı müsabiqəsindən tanınır. Belə ki, sözügedən müsabiqədə Sona Əzizova ikinci yerdə qərarlaşmışdı.
Xatırladaq ki, Azərbaycan bundan əvvəl “Avroviziya” uşaq mahnı müsabiqəsində üç dəfə iştirak edərək 11, 7 və 16-cı yerlərin sahibi olub. Son iki yarışmaya ölkəmiz qatılmayıb. Mütəxəssislər bu dəfə ölkəmizin daha öncül mövqedə qərarlaşacağına ümid edirlər.
Sona Əzizovanın vokal xüsusiyyətləri bunu deməyə əsas verir.
“Junour Eurovizion 2021” yarışmasının icraçı supervayzeri Martin Osredald, icraçı prodüsseri Aleksandr Redde-Amieldir, tədbirin əsas teleyayımçısı FTV - France Televisions telekanalıdır.
Uğurlar, Azərbaycan!