Qədim Buxara şəhərində beynəlxalq festivalda ölkəmiz də təmsil olunub

 

Buxara şəhərində keçirilən beynəlxalq “Qızıl tikmə və zərgərlik sənəti” festivalı başa çatıb.

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, bir həftə davam edən festivalda dünyanın 58 ölkəsindən gələn 221 xarici nümayəndə, Özbəkistanın bütün vilayətlərindən 288 usta iştirak edib.

Ölkəmizdən festivala Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva, Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin baş məsləhətçisi Aydan Fərəcova və Azərbaycan Mədəniyyət Nazirliyinin Muzey sərvətləri və xatirə əşyalarının elmi-bərpa mərkəzinin direktoru Zərifə Məlikova, həmçinin zərgərlər qatılıb.

Ülviyyə Həmzəyeva səfər çərçivəsində Buxara şəhərində təşkil olunan “Ənənəvi qızıl-tikmə, zərgərlik və toxuculuq sənəti: tarixi, təcrübəsi və inkişaf perspektivləri” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak edib. Konfransda onun “Tikmə sənətinin tarixi: dizayn və innovativ yanaşma” mövzusunda məruzəsi dinlənilib.

Deputat çıxışında Azərbaycanla Özbəkistan arasında bütün sahələrdə əməkdaşlığın inkişafından, dost ölkə ilə əlaqələrin daha da dərinləşdirilməsindən danışıb. Azərbaycanda bədii tikmə və zərgərlik sənətinin tarixi haqqında məlumat verib, hazırda bu sənət növlərinin inkişaf dövrü yaşadığını bildirib. 

Azərbaycan nümayəndə heyətinin festivalda iştirak edən qonaqlarla, sənətkarlarla müxtəlif görüşləri də olub. 

Konfransda Milli Xalça Muzeyinin eksponatları timsalında Azərbaycan zərgərlik sənətinin növləri və texnologiyaları barədə də fikir mübadiləsi aparılıb.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.