Bakı Piano Festivalı sabah yekunlaşacaq

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakıda ilk dəfə beynəlxalq piano festivalı keçirilir. Festival sabah - mayın 27-də yekunlaşacaq. Müxtəlif ölkələrdən ifaçıların qatıldığı festivalın proqramına ümumilikdə 15-ə yaxın konsert daxildir.

 

Piano musiqinin istənilən janrında musiqi ifa etmək üçün mükəmməl alətdir. Festival M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında klassik musiqi ilə açılıb. Açılış mərasimində çıxış edən mədəniyyət naziri Anar Kərimov ölkəmizdə piano ifaçılığı sənətinə gənclərin daha çox cəlb edilməsi, yeni istedadların üzə çıxması və gənc nəsildə bu sahəyə maraq yaradılması baxımından festivalın əhəmiyyətini qeyd edib. Bildirib ki, ölkəmizdə ilk dəfə təşkil edilən və bir həftə davam edəcək festivala dünyanın müxtəlif ölkələrindən ifaçılar qatılıb: “Proqram üzrə müxtəlif janrlarda piano konsertləri paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına maraqlı, yaddaqalan günlər vəd edir. Azərbaycanda piano ifaçılığı ənənələri çox zəngindir və biz bununla fəxr edirik. Gələcəkdə festivalın Bakı ilə yanaşı, regionlarda da keçirilməsini planlaşdırırıq”.

Fransanın Azərbaycandakı səfiri Zakari Qross festivalın ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirib. O, festival proqramında məşhur fransız pianoçunun çıxışının da yer almasından məmnunluğunu ifadə edib: “Lüdviq van Bethovenin bu gün səslənəcək “Fortepiano və orkestr üçün 5 nömrəli konsert”ində bəstəkar incəsənətin müharibəyə qalib gəlməsini təcəssüm etdirib. İndiki Avropanın durumunda bu, olduqca vacib məsələdir”.

Festivalın təşkilatçısı və bədii rəhbəri, Əməkdar artist Şahin Növrəsli piano bayramının ideyası haqqında danışaraq layihəyə dəstək olan təşkilatlara minnətdarlığını ifadə edib: “Bu cür layihələr dünyanın çoxsaylı ölkələrində keçirilir. Buna görə də belə bir layihəni Vətənimizdə həyata keçirmək qərarına gəldim və mədəniyyət naziri cənab Anar Kərimova bu təkliflə müraciət etdim. O, bu fikri dəstəklədi və hazırlıq başlandı. İnanıram ki, bu mötəbər tədbir Azərbaycanın musiqi bayramına çevriləcək. Azərbaycan pianoçuları hər zaman bir sıra ölkələrin məşhur səhnələrində möhtəşəm konsertlər veriblər. Məmnunam ki, ilk piano festivalını təşkil etmək mümkün oldu”.

Bu gün festivalda çox maraqlı ifalar, o cümlədən Şahin Növrəslinin çıxışı gözlənilir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.