Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə reallaşan “Dmitri Sitkovetski ilə görüşlər” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib.
Muzeyin direktoru Əməkdar mədəniyyət işçisi Alla Bayramova çıxış edərək Dmitri Sitkovetskinin sənət yolu haqqında danışıb.
Londonda yaşayan dünyaşöhrətli musiqiçi Dmitri Sitkovetski açıq mühazirə ilə çıxış edib. O, mühazirəsində dünyanın ən məşhur skripka ifaçıları, onların bu sənətdə olan əzəməti, mövqeyi haqqında qiymətli məlumatlar paylaşıb. D.Sitkovetski mühazirəsindən sonra görüş iştirakçılarının suallarını cavablandırıb.
Qeyd edək ki, Dmitri Sitkovetski Bakıda musiqiçi ailəsində anadan olub. Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası nəzdində xüsusi istedadlar üçün açılmış məktəbdə ilk musiqi təhsili almış dahi pianoçu, qocaman sənətkar Bella Davidoviçin və skripka ifaçısı Yulian Sitkovetskinin oğludur.