Bu gün dünyaşöhrətli musiqiçi, violenç ifaçısı və dirijor, həmvətənimiz Mstislav Rostropoviçin vəfatının 15-ci ildönümü tamam olacaq.
Bu münasibətlə maestronun doğulduğu evdə - L.və M.Rostropoviçlərin ev-muzeyində “Maestrosuz 15 il” adlı tədbir keçiriləcək.
Maestronun əziz xatirəsinə həsr olunmuş klassik musiqi gecəsində Azərbaycanın Əməkdar artisti Aleksey Miltıx, Respublika və beynəlxalq müsabiqələr laureatları, prezident təqaüdçülərinin ifasında klassik əsərlər səsləndiriləcək. Həmçinin muzeyin əməkdaşı, Prezident təqaüdçüsü, İkinci Qarabağ müharibəsi qazisi, bəstəkar Vüqar Məmmədzadənin “Trio” əsərinin təqdimatı keçiriləcək. Bununla yanaşı, kinorejissor Z.Şıxlinskinin M.Rostropoviçə həsr etdiyi “Doğma diyar” filminin yeni versiyası nümayiş olunacaq. Daha sonra 150 nömrəli tam orta məktəbin şagirdləri Maestroya həsr edilmiş “Violonçel ustadı” və “Maestro və Zaman” adlı şeirləri səsləndirəcəklər.