Görkəmli bəstəkar Tofiq Quliyevin 105 illiyi ilə əlaqədar konsertlər keçirilir

 

Görkəmli bəstəkar, Azərbaycan caz və estrada musiqisinin banilərindən biri olan Tofiq Quliyevin 105 illiyi ilə əlaqədar, adını daşıdığı Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 12 nömrəli onbirillik musiqi məktəbi aprel ayında silsilə konsertlərlə çıxış edib.

 

Baş İdarədən bildirilib ki, ilk konsert Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında, Azərbaycan Respublikasının Xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə keçib. Konsertdə fortepiano, violin, tar, vokal ixtisasları üzrə təhsil alan şagirdlər Azərbaycan, rus və Avropa bəstəkarlarının əsərləri səsləndirilib.

Sonra M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan zalında dirijor Orxan Haşımovun rəhbərliyi altında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə məktəbin əsasən kiçik sinif şagirdlərinin, eyni zamanda, kiçik xor kollektivinin iştirakı ilə növbəti konsert keçirilib.

Tədbirdə Baş İdarənin rəisi İbrahim Əliyev çıxış edib, məktəbin kollektivini gözəl musiqi gecəsinin keçirilməsi münasibətilə təbrik edib. O, həmçinin məktəbin direktoru Gülnarə Səfərovanı yubileyi münasibətilə təbrik edərək ona fəxri fərman verib.

Tədbirdə iştirak edən Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev təşkilat adından məktəbin direktoru Gülnarə Səfərovanı fəxri fərmanla təltif edib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.