Beynəlxalq Muğam Mərkəzində (BMM) “Qarabağ Azərbaycandır” adlı konsert proqramı təqdim olunub. “Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, BMM-nin dəstəyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Xan Şuşinski Fondunun təşkilatçılığı ilə keçirilən tədbirdə diplomatik korpusun nümayəndələri, dövlət rəsmiləri, ictimai xadimlər iştirak ediblər.
Görkəmli xanəndə, Xalq artisti Xan Şuşinskinin “Şuşanın dağları” ifasının sədaları ilə başlanan konsert proqramında Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əzəli torpağımız Qarabağın işğaldan azad edilməsinin tarixi əhəmiyyəti vurğulanıb: “Bu gün Qarabağda quruculuq işləri davam edir. Prezident İlham Əliyev 2022-ci ili “Şuşa İli” elan etdi. Mədəniyyət paytaxtımız Şuşa bu il həm də 270 illiyini qeyd edir. Qarabağın baş tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Təməli 1872-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş və bütün Cənubi Qafqazın mədəni və ictimai –siyasi həyatında müstəsna rol oynamışdır”.
Tədbirdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva çıxış edərək milli birliyimizdən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasətindən söz açaraq Vətən müharibəsindəki tarixi qələbəmizdən xalqımızın qürur duyduğunu deyib.
Xan Şuşinski Fondunun 10 illik fəaliyyətinə həsr olunmuş videoçarx maraqla qarşılanıb. Videoçarxda fondun beynəlxalq arenada mədəniyyətimizin təbliği sahəsində reallaşdırıldığı layihələr əks olunub.
Konsertdə BMM-nin solistlərinin ifalarında muğamlar, vokal musiqi, aşıq sənətimizin nümunələri, klassik əsərlər səsləndirilib.
Tədbirin sonunda Xalq artistləri Nurəddin Mehdixanlı və Ənvər Sadıqovun “Qaytağı” ansamblının vətənpərvərlik ruhlu çıxışları “Qarabağ Azərbaycandır” nidasını sənətin səsi ilə rövnəqləndirib.
Gecə “Qarabağ yallısı”nın sədaları ilə yekunlaşıb.