Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 5 nömrəli uşaq incəsənət məktəbində Xalq artisti, Azərbaycan caz və estrada musiqisinin banilərindən biri olan Tofiq Quliyevin anadan olmasının 105 illiyinə həsr olunmuş konsert keçirilib.
Baş İdarədən AzərTAC-a bildirilib ki, tədbirdə vokal ixtisası üzrə müəllim Xəyalə Hüseynova Tofiq Quliyev haqqında geniş məlumat verib.
Vurğulanıb ki, Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış sənətkarlarından söz açarkən, qeyri-ixtiyari olaraq daxili dünyamızda iz salan Tofiq Quliyev musiqisini xatırlayırıq. Tofiq Quliyevin uzun illərdən bəri ölkəmizdə və onun sərhədlərindən uzaqlarda səslənən, ilkin təravətini itirməyən mahnıları, həyatımızın salnaməsinə çevrilib. Tofiq Quliyev hər şeydən əvvəl fərdi üslub xüsusiyyətlərinə malik mahnıların müəllifi kimi tanınıb.
Vokal sinfi şagirdlərinin ifasında bəstəkarın "Əziz surət", "Kamilin mahnısı", "Qızların mahnısı", "Sənədə qalmaz", "Axşam oldu", "Məhəbbət çırağı" və başqa mahnıları səsləndirilib.
Sonra şagirdlər konsertmeyster Samirə Eyvazovanın müşayiətilə Azərbaycan, rus və Avropa bəstəkarlarının əsərlərini ifa ediblər. Konsertin sonunda şagirdlərə həvəsləndirici diplomlar təqdim edilib.