Vyanada azərbaycanlı pianoçu Elçin Şirinov alqışla qarşılanıb

 

Azərbaycan incəsənəti və musiqi mədəniyyətinin ölkəmizin hüdudlarından kənarda tanıtmaq, Azərbaycan musiqiçisi kimi dünyaca məşhur sənətçilərlə bir səhnəni bölüşmək böyük əhəmiyyət daşıyır. Bu məsuliyyətli missiyanı öz üzərinə götürən, dünyanın nüfuzlu konsert salonlarında səhnəyə çıxan sənətçilərdən biri də istedadlı pianoçu və bəstəkar, Azərbaycanın Əməkdar artisti Elçin Şirinovdur.

 

“Ədəbiyyat və incəsənət” poryalı AzərTAC-a istinadən xəbər verir ki, hazırda Londonda yaşayan cazmen Elçin Şirinov dünyanın tanınmış kontrabas ifaçısı Avişay Koenin triosunda çıxış edir. Trio olduqca sıx cədvəl əsasında dünyanın müxtəlif ölkələrində konsert proqramları ilə çıxış edir. 

Bu günlərdə “Avişay Koen trio”sunun növbəti dayanacaqlarından biri də Vyana şəhəri olub. Bu şəhərin ən tanınmış caz məkanı olan “Porgy & Bess” klubunda trio eyni gündə iki konsertlə çıxış edib. Trionun tərkibində Avişay Koen (kontrabas), Elçin Şirinov (piano) və Roni Kaspi (zərb alətləri) yer alıb.

Bütün biletləri günlər əvvəl satılmış konsertdə Avişay Koenin bəstələdiyi əsərlərə yer verilib, lakin Elçin Şirinovun ifasında Azərbaycan caz musiqisinə məxsus ştrix və improvizasiyalar da həssas dinləyicilərin diqqətindən qaçmayıb.

Azərbaycan və İsrail musiqiçilərinin uğurlu əməkdaşlığın artıq bir neçə illik tarixi var, musiqiçilər 2018-ci ilin may ayından bir səhnəni bölüşürlər və A. Koen konsertlərdə məmnuniyyətlə Elçin Şirinovu Azərbaycanın tanınmış cazmeni kimi təqdim edir. İki ölkə arasında əməkdaşlıq münasibətlərinə xas iş birliyi və dostluq bu iki istedadlı musiqiçini daha da sıx birləşdirir, onların səhnədəki peşəkar ifaları dinləyicilərə də sirəyət edir. Təsadüfi deyil ki, trionun konsert verdiyi məkanlarda İsrail və Azərbaycan icmasının nümayəndələri həvəslə konserti birlikdə seyr edirlər. Vyanada da Azərbaycan və İsrail səfirlikləri, Azərbaycan Mədəniyyət Mərkəzi və Vyana Yəhudi Mədəniyyət İcması bu ənənəyə sadiqlik nümayiş etdiriblər və geniş tərkibdə konsertdə iştirak ediblər.

Qeyd edək ki, İsraildə doğulan Avişay Koen caz üzrə ixtisaslaşmış “Bassplayer Magazine“ dərgisinin “20-ci əsrdə dünyanın 100 ən yaxşı bass ifaçısı” siyahısında yer alır. Son 20 ildə A. Koen bass ifaçılığı ilə yanaşı, bəstəkar kimi də tanınıb və özünə geniş auditoriya toplaya bilib. Avişay Koen Triosu beynəlxalq qastrollar, caz festivalları və konsert proqramları ilə yanaşı, albomlar üzərində də məhsuldar şəkildə işləyir. Elçin Şirinovun iştirakı ilə indiyədək trio üç albom üzərində işləyib. Ötən il Bakıda konsert verən caz qrupu yeni yazılmış “Shifting Sand“ albomunda yer alacaq kompozisiyaları təqdim edib. Həmin albom bu ilin may ayında işıq üzü görəcək və musiqisevərlərin ixtiyarına veriləcək. Trionun daha öncəki “Arvoles“ və “Two Roses“ albomlarında da azərbaycanlı cazmenin ifalarını dinləmək mümkündür.

Nyu-Yorkun Kevin Xeyes və Aron Qoldberq kimi məşhur cazmenlərindən dərs almış Elçin Şirinov artıq dünyanın ən tanınmış məkanlarında konsertlər verir, eləcə də çoxsaylı beynəlxalq festivallar və qastrol səfərlərində iştirak etməklə mədəniyyətimizin dünyada təbliğində xidmətlər göstərir.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.