Mədəniyyət Nazirinin birinci müavini Elnur Əliyev tanınmış bəstəkar Oqtay Rəcəbovla görüşüb

 

Azərbaycan Respublikası Mədəniyyət Nazirinin birinci müavini Elnur Əliyevin ölkənin tanınmış mədəniyyət xadimlərini doğum günlərində təbrik etməsi artıq bir ənənəyə çevrilib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, növbəti dəfədə Elnur Əliyev Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, ömrünün 81-ci baharına qədəm qoymuş bəstəkar Oqtay Rəcəbovla görüşüb.

Bəstəkarı doğum günü münasibətilə təbrik edən Elnur Əliyev bəstəkarın Azərbaycan musiqi mədəniyyətində xüsusi xidmətlərini qeyd edib, ona ən xoş arzularını çatdırıb.

Oqtay Rəcəbovun Azərbaycan milli mədəniyyətinin inkişafında bir bəstəkar və pedaqoq kimi layiqli payının olduğunu vurğulayan Elnur Əliyev bəstəkarın operaları, musiqili komediyaları, film musiqisi, elmi məqalələri, kitab və monoqrafiyaları, uşaq mahnıları ilə yanaşı “Xocalı avazları”, “Çingiz” simfoniya rekviyemi, “Xocalı” simfoniyası, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Heydər” oratoriyası kimi əsərlərini xüsusi qeyd edib, bəstəkarın dillər əzbəri olmuş “Necə unudum səni”, “Zəfəran” və bir çox digər mahnılarının necə sevildiyinə diqqət çəkib.

Oqtay Rəcəbov bu diqqət və qayğıya görə Mədəniyyət Nazirliyinə və nazirliyin təmsilçisi Elnur Əliyevə minnətdarlıq bildirib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.