Norveçin paytaxtı Osloda "Şuşa sən gözəlsən!" adlı konsert-sərgi keçirilib.
AzərTAC-ın xüsusi müxbiri xəbər verir ki, Oslonun tanınmış Cosmopolite konsert zalında baş tutan tədbir Skandinaviya Azərbaycanlıları Norveç üzrə Koordinasiya Şurası və Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) tərəfindən təşkil edilib. Konsertə Türkiyənin Norveç Krallığındakı səfiri Fazlı Çorman habelə, çoxlu sayda yerli ictimaiyyət və diaspor nümayəndələri qatılıb.
Tədbirdə Azərbaycan Dövlət Himni səslənib və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Norveç üzrə koordinatoru Ramil Əliyev çıxış edərək tədbirin əhəmiyyətindən danışaraq, Şuşanın qədim tarixindən söz açıb. 1992-ci ildə işğal edilən Şuşanın ermənilər tərəfindən məruz qaldığı barbar dağıntılar və vandallıq faktı barədə məlumat verən diaspor fəalı şəhərin 2020-ci il noyabrın 8–də Azərbaycan ordusu tərəfindən azad olunduğunu bildirib və hazırda şəhərin yenidən qurulduğunu vurğulayıb.
Şuşanın ölkəmizin tarixində böyük rolunun da qeyd olunduğu çıxışda, şəhərin Azərbaycanın mədəniyyət paytaxtı və 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi haqqında Norveç və Azərbaycan dillərində tədbir iştirakçılarına məlumat verilib.
Tədbirdə çıxış edən Türkiyənin Norveç Krallığındakı səfiri Fazlı Çorman Türkiyə ilə Azərbaycan arasında olan qardaşlıq əlaqələrindən söz açıb.
Xocalı qətliamının 30 illiyi, Şuşa Bəyannaməsi, Qarabağda aparılan tikinti-quruculuq işləri, Türkiyə - Azərbaycan əməkdaşlığının bölgədəki müsbət rolu haqqında məlumat verən səfir, bu əlaqələrin əhəmiyyətini bir daha vurğulayıb.
Tədbirin bədii hissəsində Azərbaycanın Xalq artisti professor Mənsum İbrahimovun rəhbərliyi altında “Qarabağ” Muğam Qrupu çıxış edib. Mənsum İbrahimovu Xalq artisti Elçin Həşimov (tar), Əməkdar artistlər Elnur Əhmədov (kamança) və Kamran Kərimov (nağara) müşayiət edib və onların çıxışları tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb. Konsertdə Azərbaycan milli muğam kompozisiyaları və Nizami Gəncəvinin şeirlərinə bəstələnən musiqi əsərləri və xalqımızın qalibiyyətinə ithaf olunan xalq və bəstəkar mahnıları səsləndirilib.
Daha sonra Norveç Musiqi Akademiyasının tələbəsi Tural Qasımovun pianoda ifası dinlənilib.
Tədbir çərçivəsində Azərbaycana, Şuşaya, Novruza dair sərgi təşkil olunub. Sərgidə azərbaycanlı gənclərin Şuşaya dair çəkdikləri rəsmlər böyük marağa səbəb olub.
Mərasimdə habelə, Osloda fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu məktəbinin şagirdləri Şuşa, Ana vətən və Novruz bayramı haqqında şeirlər səsləndiriblər.
Qeyd edək ki, mərasim Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilib.