Almaniyada Azərbaycan klassik musiqisindən ibarət konsert keçirilib

 

Almaniyanın Karlsruye şəhərində İqtisadi forumun mərkəzi zalında Azərbaycan klassik musiqisindən ibarət konsert keçirilib.

AzərTAC xəbər verir ki, səhnənin qəhrəmanı istedadlı Azərbaycan ifaçısı Fəridə Rüstəmova olub. F.Rüstəmova tanınmış bəstəkar Səid Rüstəmovun nəvəsidir.

Konsert Azərbaycan diasporunun dəstəyi və ölkəmizin Almaniyadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.

Konsertdə F.Rüstəmova və Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzerin birgə yaratdığı “Land of Fire” orkestri çıxış edib. Konsertin keçirildiyi zal şəhərin prestijli məkanlarından biridir.

“Yenidən bir araya gələ bildiyimiz üçün çox şadam. Orkestr üzvləri Almaniyanın müxtəlif şəhərlərində, bir-birindən kifayət qədər uzaqda, şimalda və cənubda yaşayırlar. Xoşbəxt bir təsadüf nəticəsində hamımız işi, təhsili və layihələri bir kənara qoyub görüşə bildik. Konsert çox gözəl keçdi, qonaqlar bizi ayaq üstə alqışlayırdılar. Sonda bir çox tamaşaçılar, o cümlədən iri firmaların və görkəmli konsernin nümayəndələri gözəl musiqiyə görə minnətdarlıq sözləri ilə çıxış etdilər. Biz ifaçılara göstərilən dəstəyə və diasporun etimadına görə çox minnətdarıq. Gələcək konsertlər və digər tədbirlərin keçirilməsi ümidilə”, - deyə F.Rüstəmova bildirib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.