“Şuşa mədəniyyətinin inciləri”: qala-şəhərin milli geyimləri

 

Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir. “Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Şuşanın milli geyim üslubu” bölməsinin ilk təqdimatı mədəniyyət paytaxtımızın qadın geyim dəstinə həsr olunub.

Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialının kolleksiyasında qorunub saxlanılan və XX əsrin əvvəlinə aid olan qadın geyim dəsti yaraşıqlı arxalıq və ətəkdən ibarətdir. Bu dəst pambıq astarlı, üzəri qızılı rəngli butalarla bəzədilmiş “zərxara” adlı qiymətli parçadan hazırlanıb.

Qarabağ arxalıqlarını fərqləndirən əsas cəhətlər yaxasının buta və ya oval “oyma” formalı olması, qatlama ətəyi və nilufər (yelpazəli) qolları olub. Arxalığın nilufər qolları dirsəyə qədər düz, dirsəkdən aşağıya doğru genişlənən biçimə malikdir. Geyimin şax durması üçün bel qurşağının yanına yonulmuş yastı çubuq dikinə tikişlə bənd edilib.

Onu da qeyd edək ki, azərbaycanlı qadınların qurşaqdan aşağı üst geyimi topuqlara çatan ətək (tuman) olub. Ətək “taxta” adlandırılan 10-12 hissə parçadan tikilirdi.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.