“Ədəbiyyat və incəsənət” portalı Adil Bəhram oğlu Nəsibovun mərhum bəstəkarımız Bəhram Nəsibovun yaradıcılığı, eləsə də istedadlı şair Əkbər Qoşalının “Əziz Şuşa” şeirinə bəstələnmiş mahnının yaranması tarixçəsi barədə yazısını diqqətinizə çatdırır.
2022-ci il tanınmış bəstəkar, ifaçı, şair Bəhram Nəsibovun 80 illik yubiley ilidir. Bu ərəfədə “Bəhram Nəsibov yaradıcılığının təbliği” İctimai Birliyi sənətkarın mahnılarından ibarət “Nəğmələrdə yaşayan ömür” adlı not kitabının 1-ci cildini nəşr etdirmişdir. Bu kitab Bəhram Nəsibovun çoxşaxəli parlaq yaradıcılığını, onun musiqi aləmini, mahnı xəzinəsini işıqlandıran ilk nəşrdir.
Xalq arasında peşəkar musiqiçi kimi tanınmış Bəhram Nəsibov öz füsunkar ifası ilə qəlbləri fəth etdiyi kimi, insanların ruhunu oxşayan, bulaq suyu kimi təmiz, dağ havasıtək məlhəm, gur şəlaləli, bahar qoxulu nəğmələr də bəstələmişdir. Onun müxtəlif mövzuda yazdığı 600-ə yaxın mahnısı mövcuddur. Bu günə kimi həmin mahnılardan 70-dən çoxu tanınmış xanəndə və müğənnilər tərəfindən ifa edilmiş, digər oxunmamış nəğmələr isə bəstəkarın şəxsi arxivində saxlanılmışdır. 100 adda mahnının not yazısını əks etdirən bu topluda hələ səslənməmiş, ilk dəfə nota yazılan nəğmələr üstünlük təşkil etmişdir.
Bəhram Nəsibov şifahi xalq ədəbiyyatını, poeziyanı gözəl bildiyindən şair kimi bir çox mahnılarının şeir mətnlərini də özü yazmışdır. O, sadə xalq dilində yazdığı şeirlərinin sözlərini musiqinin ölçüsünə elə düzmüş, hecaları səslərin uzunluğuna elə paylamışdır ki, oxunarkən hər bir sözün aydın tələffüzünü, hətta nöqtə və vergülün melodiya ilə uzlaşmasını sezmək mümkündür. Bu mahnıları xalqa sevdirən, onların muğamlarımızdan qaynaqlanması, milli ruhda, milli intonasiyalarda yaradılmasıdır. Poeziyaya dərindən bələd olması, onun Nizami Gəncəvi, Şeyx Səfi, Fəzlullah Nəimi, İmadəddin Nəsimi, Mövlana Cəlaləddin Rumi, Əlişir Nəvai və b. kimi klassik şairlərin şeirlərinə yazdığı melodiyalarında daha qabarıq şəkildə özünü biruzə verir. Çünki “romans” janrında bəstələnmiş bu mahnılarda poetik mətnlə melodiyanın qovuşuq vəhdətinin, harmoniyasının şahidi oluruq.
Kitabın ərsəyə gəlməsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Gülnaz Abdullazadənin, bəstəkar, professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elnarə Dadaşovanın, “Elmi-tədqiqat” laboratoriyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Rauf Bəhmənlinin, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, Beynəlxalq “Alaş” ədəbi mükafatı laureatı, tanınmış yazar Əkbər Qoşalının və Əməkdar müəllim, xanəndə Qəzənfər Abbosovun zəhmət və dəstəyini özəlliklə vurğulamaq istəyirəm.
Kitabın 05 fevral 2022-ci il tarixində keçirilmiş təqdimatı zamanı toplunun rəyçilərindən olan Əkbər Qoşalı öz şeirlər kitabını da mənə hədiyyə etdi. Bəhram Nəsibovun varisi olaraq, onun mahnı külliyatını dərindən araşdıran, hələ ifa edilməmiş nəğmələrinin professional musiqiçilər tərəfindən nota alınmasını sistemli şəkildə çeşidləyən bir şəxs kimi Əkbər Qoşalının şeirlər toplusu mənə çox maraqlı idi. Çünki atamın müxtəlif musiqi alətlərində (tar, saz, gitara, fortepiano) ifası ilə lentə yazılmış, həm də şeir mətnləri olmayan çox sayda nəğmələri vardır. Hətta ömrünün son illərində yataq xəstəsi olarkən səslə zümzümə etdiyi yeni melodiyalarını da maqnitofon lentinə yazıb saxlamışam. Bu nəğmələri əzbərdən bildiyim üçün hansı mahnının musiqisinə hansı şeir mətninin uyğun gələ biləcəyini təyin etmək mənim üçün çətin deyil. Bu anlamda, Əkbər Qoşalının şeirlərindən bir neçəsi diqqətimi cəlb etdi. Onlardan biri də, bu gün artıq nəğməyə çevrilmiş “Əziz Şuşa” adlı şeirdir. Mahnını nota alan, şeir mətnini səslərə düzən tədqiqatçı-alim Rauf Bəhmənli musiqi ilə şeir mətninin istər mövzu, istərsə məzmun baxımından uyğunluğunu, sözlə səsin həmahəng olduğunu təsdiqlədi. Beləliklə, şair Əkbər Qoşalının doğma Şuşamıza həsr etdiyi şeir Bəhram Nəsibov qəlbinin sarı simi ilə dilə gəldi.
Mən sonda hörmətli yazarımız Əkbər Qoşalıya bir daha öz təşəkkürümü bildirir, həyata yeni göz açmış bu nəğməyə isə uğurlu gələcək arzulayıram.