Ukraynanın və Rusiyanın xalq artisti Nikolay Baskov "müharibənin təbliği və əsaslandırılması"nda şübhəli bilinərək Ukrayna məhkəməsi tərəfindən qiyabi həbs cəzası alıb, Ukrayna prokurorluğu bununla bağlı vəsatəti təmin edib.
“Ədəbiyyat və incəsənət” portalı RİA-Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş prokuroru İrina Venediktova məlumat yayıb.
Daha əvvəl Baskov Rusiya prezidentinin hərəkətlərini dəstəklədiyi barədə fikrini İnstagram postuna yerləşdirərək bildirmişdi ki, Rusiyanın hərəkətləri "beynəlxalq hüquqa tam uyğundur", həmçinin, bəyan edilən əməliyyatın məqsədi "Rusiyanın sərhədlərinin aşkar hərbi təhlükələrdən qorunması"dır.
Müğənni sosial şəbəkədə daha bir dəfə yazıb ki, bu, "sülhyaratma əməliyyatı, soyqırımının sonu, Rusiyaya hücumun qarşısının alınması, həmçinin Rusiyanın özünü müdafiə etməsi və müttəfiqlərinin müdafiəsi"dir.
Xatırladaq ki, dörd gün öncə Ukrayna analoji qərarı müğənni Oleq Qazmanov barəsində də çıxarmışdı.