Bahəddin Salman, “Ədəbiyyat və incəsənət” üçün
Qonağımız vokalist Yeganə Orucovadır.
-Salam, Yeganə xanım. Sizi “Ədəbiyyat və incəsənət” portalının bütün heyəti adından salamlayıram və dəvətimi qəbul etdiyiniz üçün minnətdarlıq bildirirəm. Musiqiyə sevginizin yaranması hansı yaş dövrünüzə təsadüf edir və musiqi təhsili olan ifaçısınızmı?
-Salam, mən də öz növbəmdə sizi, yaradıcı heyətinizi salamlayıram. Dəvətiniz üçün təşəkkür edirəm. Musiqiyə sevgimin olması mənə elə gəlir ki, ailəmin sənətə olan marağından irəli gəlir. Məsələn, nənəm bədii gimnastika ilə məşğul olub, xalam mənim də oxuduğum Vaqif Mustafazadə adına incəsənət məktəbində fortepiano, vokal bölümü üzrə təhsil alıb, anam piano təhsili almayıb, amma pianonun harmoniyasını çox gözəl bilir... Belə bir mühitin içində doğulmağı musiqiyə sevgimin yaranması üçün kifayət qədər yetərli səbəb sayıram. Üç yaşımda artıq mən “Cücələrim” mahnı və rəqs ansamblına getmişəm. Orda bəlli bir yaşa qədər oxuduqdan sonra, orta məktəb və paraleldə Vaqif Mustafazadə adına incəsənət məktəbinə getdim. Burda anam məni fortepiano bölməsinə qoymaq istəyirdi, amma imtahanlardan keçəndə məktəbin direktoru Elxan müəllimin musiqi duyumumu yüksək qiymətləndirməsi məni vokal ifaçılığına yönəltdi. Təhsil aldığım altı il ərzində mən xorda solist olmuşam. Həmin vaxtlarda doqquz yaşımda “Pöhrə” musabiqəsinin iştirakçısı idim, hətta Heydər Əliyev adına sarayda Pöhrə müsabiqəsinin tərkibində mahnı ifa etmişdim. Amma bütün bunlara baxmayaraq anam hiss etdi ki, mənim bütünlükdə həyatım, həvəsim, arzularım musiqi üzərində qurulub və musiqi ilə məşğul olmağa qoymadı, təhsilimi tamam başqa yönə - kulinariyaya, aşbazlığa çəkdi. Amma mən bu sahə ilə məşğul olmadım. Hər dəfə inadkarlıqla deyirdim “bəli, mən musiqi adamıyam!” Bu mənim yolum deyildi. Mətbəxdən çiy ət iyi gələndə bu gün də ürəyim bulanırsa, deməli, haqlı idim: Mən öz qabımda deyildim. Bütün bunlara rəğmən üç illik olan bu peşə liseyini bitirdim. İnsanın dostu da, düşməni də valideynidir. Valideynim məni çox sevir, amma o sevginin təsirindən özü də bilmədən mənə təhsil zərəri verdi. Peşə liseyi yerinə məni İncəsənət, Konservatoriya universitetinə yönəldə bilərdi. Amma yenə də hər şey əladır.
-Yeganə xanım, bildiyimə görə aktrisalıq fəaliyyətiniz də olub. Hansı filmlərdə rol almısınız?
-Bəli, haqlısız. Aktrisalıq fəaliyyətim də olub. Bilirsiz, mən özümü müğənni kimi görmürəm, necə deyərlər, “artist” kimi görürəm. Yaxın bir sənət dostum məni “İki ömür” adlı dram janrında çəkiləcək filmin kastinqinə yönləndirdi. Getdim və uğurlu da alındı. Bu sahədə təcrübəm, texnikam olmasa da aktrisalığımı juri heyəti teatr pafosundan kənar bacarıq kimi dəyərləndirdilər. Bu serialda müsbət və əsas obrazlardan birini canlandırdım. Ondan sonra da “Xalxın evi”, “Qayıdış”, “Uçurum” kimi serial və bədii filmlərdə rol aldım.
-İfanızı dinləyərkən adama elə təsir bağışlayırsınız ki, sanki dramatik, romantik məzmunlu opera ifaçısına tamaşa edirsən. Həm ifa edirsiniz, həm də elə bil, obraz yaradırsınız. Opera səhnəsində özünüzü sınamağı düşünmüsünüz?
-Mən Vaqif Mustafazadə adına musiqi məktəbində zatən vokal üzrə təhsil almışam. Amma profesional opera səhnəsində özümü sınamaq da istənilməyəcək hal deyil. Sadəcə olaraq, bayaq dediyim kimi, mən özümü artist kimi görmüşəm, yəni, bilirəm ki, şanson da, altı-səkkiz də oxuya bilirəm. Vokal oxuyan ifaçılar gedib toylarda heç vaxt seygah üstündə, şur üstündə, mahur üstündə toy mahnısı oxuya bilməzlər, mümkün deyil. Çünki bu adamların texnikasını beyin səsi üzərində qurublar. Opera vokalistləri bax bu səslə oxuyurlar. Amma mən özümü inkişaf elətdirib səsimi türk-anadolu musiqi üslubuna – bu üslub qırtlaq səsə aiddir – uzlaşdırdım, paraleldə xalq mahnıları da oxuya bilirəm. Amma əsas istəklərimdən biri muğamı öyrənməkdir, özü də, bunu çox peşəkar şəkildə öyrənmək gərəklidir. Çünki sabah hansısa bir halda sənətimin bu yönünün qapalı qaldığının və gecikdiyimin fərqində olmaq istəmirəm. Mən vokalistəm, amma vokal məsələsinə geri dönsək, bu gün mən vokalist kimi fəaliyyət göstərmirəm. Mən bugünki gün arenbi, caz, rok, xalq mahnıları oxuyuramsa, deməli, biryönlü vokalist deyiləm. Bütün bu janrların hamısının öz obrazı, ruhu var. Bu da mənə görə musiqi yönündə özünü hərtərəfli inkişaf etdirmək təsiri bağışlayır.
-Ölkəmizdə incəsənət sahəsində saysız-hesabsız istedadsız adamlar var. Siz onlarla müqayisədə çox istedadlı ifaçısınız. Sizə də elə gəlirmi ki, istedadsız adamlarla müqayisədə istedadlı adamların təqdimatına daha az şərait yaradılır?
-Mən məsələyə başqa cür yanaşacağam. Hansı sahədə olmasından aslı olmayaraq nə qədər ki, valideynlər övladlarına düzgün təhsil verməyəcəklər, onların dünyagörüşünü daha mədəni formalaşdırmayacaqlar, bizim gələcəyimiz gəlməyəcək. Elə valideyn var, övladlarını müasir adlandırır, təhsilli yetişdirdiyini iddia edir, amma danışılanların fonunda narkomaniyaya qurşanmış və yaxud başqa pis yollarda olan övladlar görsənir. Kütlə niyə bu gündədir? Təkcə musiqi pis halda deyil, incəsənətin bütün yönlərində ruh, məntiq, məna ölüb. Çünki biz hamımız kütlənin zövqünə yönəlmişik. Mən səhnədə opera oxusam, əksəriyyət çoxluq deyəcək “bu ulayır.” Çünki çoxluq əsl sənətdən qaçır, bayağı sənətə üstünlük verir. Amma həmin əsəri Paris milli operasında ifa etsən, səni ayaq üstündə göz yaşları ilə alqışlayacaqlar. Operanı, vokalı, muğamı bilmək bir elmdir. Kütlənin bu elmdən azca xəbəri olmayandan sonra nə başa düşəcək ki, hələ alqışlasın da. Ona görə hamı xidmət edir altı-səkkizillik ritmlərə. Normaldır, beyin bunu tələb edir. Bunun kökü haradan gəlir? Sözsüz, valideyndən, onun tərbiyəsindən, verdiyi təhsildən... Onsuz da ölkəmizdəki ən dərin incəsənət qabiliyyətli, savadlı adamların bir hissəsi hal-hazırda başqa ölkələrdə yaşayırlar. Çünki kimə və nəyə qulluq edəcəklərini görüb, küsürlər. Onları küsdürən insanların əksəriyyət çoxluğunda xəstəlik kimi yayılmış savadsızlıqdır. Sənin təhsil aldığın yerdə müəllim adını daşıyan əksəriyyət heyət savadsızdırsa, öz çəkisini şagirdinə bildirməyi bacarmırsa, hansı savaddan, mədəniyyətdən söz gedə bilər?! Bütün bu çatışmazlıqlar sonda ortaya bu cür problemlər çıxardır.
-Avroviziya musiqi yarışmasında iştirak etmək kimi bir arzunuz varmı? Bu müsabiqədə əvvəlki dad qalıbmı?
-Mənim məqsədim tanınıb, şou-biznesə girib bir artist olmaqdırsa, şou-biznes özü biznesdirsə, biznes özü politikadırsa və bu politikayla getsəm, xeyr, bu müsabiqədə iştirak etmək arzum olmayıb. Avroviziya musiqi yarışması insanı məşhur etmir, sadəcə olaraq ölkə təmsilçiliyi söhbəti var. Ora gedən iştirakçılar hələ də efirlərdədirlər deyə tanımağa davam edirlər. Bu adamların sual etsək ki, tutarlı bir unudulmaz mahnısı var?! Xeyr, yoxdur! Düşünün, bu müsabiqədə sən indiyə qədər səhnədə qarşılaşmadığın peşəkarlıqda bir komanda ilə xeyli müddət məşqlərdə olub, yekun ana hazırlaşırsan. Bu anda üstündə olan diqqət, qayğı, həmin səhnənin aurası və bir neçə dəqiqədə səni fərqli-fərqli ölkələrdən başqa dildə danışan başqa mədəniyyətə sahib adamların dinləməsi - bunlar basqa ayrıcalıqlardır və mən bütün bunların eyforiyasında olacağıma əminəm. Bütün bunlardan sonra geri dönüb şou-biznesdə görünmək məni qane etməyəcək. Çünki ordakı üstünlüklərlə burdakı əksiklikləri tərəziyə qoysam, o peşəkar komandanı, həmin üstünlükləri daha artıq biləcəm. Beləliklə, mən sənət yönündə nələrdənsə imtina edəcəyəm, özümü qara siyahıya salacağam. Mən bu məsələnin psixoloji yönünü izah etməyə çalışdım.
-Əməkdar artist, xalq artisti, prezident mükafatçısı olmağı ölkəmizdəki sənət adamları təməl qayda, qanun hesab etməlidir özünə?
-Belə deyək də, biri var kəmiyyət üçün işləmək, biri var keyfiyyət üçün işləmək. Kəmiyyət üçün işləyirsənsə, o ada layiq olmayacaqsan. Məsələn, mən bir musiqili aparıcıyam. Kəmiyyət üçün işləyirəmsə, mən kütləni hara aparıram?! Şənlənməyə, oynamağa, rəqs eləməyə... Onlar şənlənirlər deyə mənə bunun qonorarını ödəyirlər. Bununla mənim ad almağım haqsızlıqdır. Çünki keyfiyyət üçün işləyən sənətkarlarımız var ki, ancaq adı və sənəti var. Qalxaq gedək həmin sənətkarın evinə baxın..! Paltarı nimdaş, divanı köhnəlmiş, kreslosu yırtıq, evin tavanı pis gündə, amma baxırsan ki, sənətkardır!!! Çünki o pul üçün yox, sənət və sənətdə qazanacağı ad üçün yaşayıb. Mən istəyirəm, keyfiyyət üçün işləyim, amma mən bunun üçün işləyəndə də kəmiyyəti düşünməliyəm. Hərtərəfli, möhtəşəm olmağımı istəyirəmsə birtərəfli getsəm, bataram. O vaxt sırf keyfiyyət üçün çalışaram ki, mənə dəstək duran zəngin atam olsun, zəngin yoldaşım olsun və mənə desinlər, “Otur ancaq sənətinlə məşğul ol!”. Amma mənim bu gün belə bir imkanım yoxdur, bundan da utanmıram. Təhsil aldığım dövrlərdə ofisiant da işləmişəm, satıcı da işləmişəm... Bunlar heç vaxt məni utandıran bir hal olmayıb. “Biz sənin həm də dinləyicinik “-deyərək heç bir çirkin qarşılıq gözləmədən mənə sənətim üçün dəstək duran gözəl dostlarım da var. Mən belə gözəl dostlarımın olmasını bir şans kimi dəyərləndirirəm.
-Yeganə xanım, istərdim iştirakçısı olduğunuz “The voice of Azerbaijan” musiqi yarışmasından danışaq.
-Mübariz Tağıyev, Tünzalə Ağayeva, Faiq Ağayev, Manana Caparidze kimi sənətkarların juri heyəti olduğu bir yarışma yaddaşımda gözəl iz buraxdı. Mən Mübariz Tağıyevin komandasında idim. Əslində, mənim üçün bu yarışmada iştirak əsas deyildi, mənə onların rəyi maraqlı idi. Rəyi də aldım, daha yaxşısı da oldu. Xoş xatirələr idi.
-Daha da yaxşısından-yeni mahnınızdan danışaq. “Ümidim yox” mahnısından. Təbrik edirəm. Çox gözəl ifa, gözəl sözlər, gözəl musiqi və qeyri-adi klipdir. Mükəmməl nəticədir. Bütün bu gözəlliklər sosial şəbəkələrdə dinləyicilər tərəfindən də çox xoş qarşılandı, hələ də yüksək rəylər almaqdadır və trendə çevrilib. Mahnının sözlərində qəribə ahəng var. Mahnı necə yarandı?
-Bəyəndiyiniz üçün təşəkkür edirəm. Mənim bir dostum var, rejissor Nicat Alışov. O, mənim bundan əvvəlki musiqisi İsmayıl Əsədova, sözləri Günel Treuya məxsus “Məni ona tanıtma” mahnımın klipinə rejissorluq etmişdi. Bir qədər sonra Nicat Alışova təkrar müraciət etdim ki, kimdən hansı mahnını alacağımı mənə məsləhət etsin. Çünki Nicat Alışov rep ifaçılarına daha yaxın biridir. Bir neçə rep ifaçısı adını çəkdim, o da mənə Aslixanı tövsiyə etdi. Biz Aslixanla görüşdük, danışdıq və danışığımız uğurlu alındı. Bizim hal-hazırki layihəmiz kontrakt əsaslıdır. YouTube kanalımda da, musiqinin, sözlərin, aranjimanın kimə aid olduğu qeyd olunub. Mahnının sözləri Aslixana, musiqisi və aranjimanı Ali Mustafaya aiddir. Mahnı bəşəri ifadə edir. Yəni, uşaqların ölümündəki acımasızlıq, dünyanın və insanın günahı, keçmişimiz qəddar, gələcəyimiz isə sual altındadır... Klipdə mənim obrazım təbiəti ehtiva edir. Klipdə bir obraz kimi mənim geyimlərim şamanın özüdür. Şaman sehrbazdır, cadugərdir, ovsunçudur, keçmişdən, gələcəkdən xəbər alandır. Məsələn, mahnın sözlərində deyilir ki, ”Alimin düzəltməyə yox öyüdü”. Klipdə alimin özü təsvir olunan şaman obrazıdır. Şaman dünyada baş verən hər şeyi görür, duyur, bilir və əlacsız qaldığı üçün üsyan edərək deyir ki, “Ümidim yox daha”, yaxud “ağlar qaralanır, xainin xəyanətindən ümidim yaralanır, bir yanı od tutub, bir yanı qasırğalar, hər günüm bir dəhşət”. Bu mahnının bütün kökü təbiətə bağlıdır.
-Müğənninin səsinin gözəl olmağı yaddaşlarda qalmağa kömək edir, yoxsa repertuarının gözəl olması vacibdir?
-Müğənninin hər şeydən əvvəl texnikası olmalıdır ki, özünü müğənni adına layiq bilsin. Mən Vaqif Gərəyzadənin yanına gedib deyəndə ki, “müğənniyəm”, mənə dedi ki, “hə, onda niyə gəlmisən?”. Onda başa düşdüm ki, mənim işlətdiyim ifadə səhvdir. Mən hələ ifaçıyam. Sən o vaxt müğənni olarsan ki, sənətini hərtərəfli bilərsən. Mənə elə gəlir ki, ifaçının yaddaşlarda qalmağı üçün otuz faiz səs rol oynayır, yetmiş faiz onun repertuarı. Mən bu gün Aslixandan aldığım mahnını ona borcluyam. Çünki o mahnı məni tanıtdı. İndiyə qədər gözəl, işinin peşəkarı olan adamlarla işləmişəm. Ancaq mən o mahnılarla tanınmadım. Deməli, mənim səsimin rolu tanınmaq üçün otuz faiz rol oynayıb.
-Yeganə xanım, müsahibə üçün sizə təşəkkürümüzü bildiririk. Sizə yaradıcılıq yolunda bol-bol uğurlar arzu edirik. Var olasınız.
-Mən də öz növbəmdə sizə təşəkkürümü bildirirəm.
“Ədəbiyyat və incəsənət”
(07.04.2025)