“Azərbaycan bəstəkarlarının əsərləri (saz və fortepiano üçün işləmələr)” adlı dərs vəsaitinin təqdimat mərasimi keçirilib

 

Georgi Şaroyev adına 35 nömrəli Onbirillik Musiqi Məktəbində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilati və maliyyə dəstəyi ilə nəşr olunmuş Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Hafiz Kərimovun hazırladığı “Azərbaycan bəstəkarlarının əsərləri (saz və fortepiano üçün işləmələr)”  adlı aşıq sənəti üzrə fundamental ilk not vəsaitinin təqdimat mərasimi keçirilib.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir ki, not 

vəsaiti əsasən uşaq musiqi və incəsənət məktəblərində, habelə digər bədii təhsil müəssisələrində aşıq sənəti sahəsində yaranmış ehtiyacların təmin olunması, repertuarın zənginləşdirilməsi, habelə festival və müsabiqələrin proqramının əhatə dairəsinin genişləndirilməsi məqsədilə hazırlanmışdır.

Təqdimatı salamlama nitqi ilə Georgi Şaroyev adına Onbirillik Musiqi Məktəbinin direktoru Vəfa Həziyeva açıb.

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli giriş sözündə qeyd etdi ki, zəngin tarixi ənənləri özündə yaşadan sinkretik incəsənət nümunəsi hesab olunan Azərbaycanın aşıq sənəti 2009-cu ildə YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir.

Tədbirdə ADMİU-nun Musiqi Tarixi və Nəzəriyyəsi kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Kamilə Dadaşzadə, Azərbaycan Milli Konservatoriyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mübariz Əliyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, əməkdar mədəniyyət işçisi Samirə Əliyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Fəzail Miskinli, filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədov,  Gədəbəy Aşıq Məktəbinin direktoru Etibar Əliyev, ADMİU-nun saz ixtisası üzrə müəllimi Murad Səmədzadə, Bakı şəhəri və Abşeron rayonunda fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəblərinn saz ixtisası fənnini tədris edən müəllim heyəti iştirak etmişdir.

Kitabın müəllifi Hafiz Kərimov qeyd etdi ki, hazırda bədii təhsil müəssisələrində dövrün tələbinə uyğun olaraq musiqi duyumu və şifahi ənənə ilə yanaşı saz ifaçılığı fənninin notla tədrisi həyata keçirilməkdədir. Saz aləti ilə bağlı olan vəsaitlərin məhduduluğu yeni tədris materiallarının nəşr olunmasını zərurətə çevirmişdir. H.Kərimov həmçinin kitabın mahiyyətini və əhatə olunan mövzuları sahə üzrə ixtisaslaşmış, alim və mütəxəssislərin, habelə saz ixtisasını tədris edən müəllim və pedaqoqların diqqətinə təqdim edib.Təqdimat prosesində praktik ifa və tədris metodikası geniş auditoriyanın nəzərinə çatdırılıb.

Tədbirdə çıxış edən alimlər də respublikada saz ixtisası tədris edilən uşaq musiqi və incəsənət məktəblərinin, habelə Gədəbəy Aşıq Məktəbinin profil üzrə inkişafı məqsədilə çoxsaylı dərslik və metodiki vəsaitlərə ehtiyac duyduğunu, usta-şagird kontekstində ənənə ilə nəsildən-nəslə ötürülən aşıq sənətinin təhsilin və müasir musiqinin inkişafı fonunda eyni zamanda notla tədrisinin şərtləndirilməsindən bəhs ediblər. Nəfis tərtibatda nəşr olunan not vəsaitinin sahənin inkişafına xidmət edəcəyini qeyd edən alim-mütəxəssislər adıçəkilən vəsaitin çap olunmasında dəstək göstərən Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinə öz təşəkkürlərini bildirmiş və görülən işlərin davam etdirilməsinin vacibliyini qeyd ediblər. 

Təqdimat zamanı ADMİU-nun  III  kurs tələbəsi Ayxan Məlikov, IV  kurs tələbəsi Xavər Hüseynova, Xırdalan şəhər 11 illik Uşaq Musiqi Məktəbinin saz ixtisası üzrə müəllimi Nəsib Həsənovun ifasında not vəsaitində əksini tapan bəstəkar əsərlərindən nümunələr də səsləndirilib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.