Azərbaycan Kaliforniyada keçirilən mədəniyyət festivalında təmsil olunub

Kaliforniya ştatının San Ramon şəhərində dünyanın müxtəlif mədəniyyətlərini bir araya gətirən “İcmada mədəniyyət” festivalı keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyətinin nümayəndələri festivalda guşə yaradıb, ölkəmizi təmsil edib.

 

Azərbaycana aid suvenirlərin, kitabların sərgiləndiyi guşədə qonaqlara milli şirniyyatlarımız da təqdim olunub. Milli geyimdə olan cəmiyyət üzvləri – Nurlan Şükürlü, Könül Əliyeva, Cavid Hüseynli, Günay Xəlilova və Hüseyn Hüseynli qonaqlara ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, mətbəxi, füsunkar təbiəti, turizm potensialı barədə ətraflı məlumat verib, sualları cavablandırıb.

 

Şimali Kaliforniya Mədəniyyət Cəmiyyətinin nəzdində fəaliyyət göstərən və tanınmış xoreoqraf Rozi Alməmmədovanın rəhbərlik etdiyi Azərbaycan rəqs ansamblının ifasında “Cəngi”, “Ağ Çiçəyim” və “Yallı” rəqsləri təqdim edilib.

 

“Ədəbiyyat və incəsənət”

(31.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.