Qarabağın bülbülü dəfn olunanda ermənilər də ona hörmət əlaməti olaraq atəşkəsi pozmayıb Featured

Nemət Tahir, “Ədəbiyyat və incəsənət”

 

 

Səxavət Məmmədov 1953-cü il oktyabr ayının 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olmuşdur.

Səxavətin səsi "Segah"a yatımlı idi, ruhu "Segah"a bağlı idi. Oxuduğu mahnıların əksəriyyəti məhz "Segah" ladındadır. "Ay Bəri Bax", "Uca Dağlar", "Yar Bizə Qonaq Gələcək", "Ay Çiçək", "Sarı Bülbül", "Sona Bülbüllər" və s.

1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumununa daxil olan Səxavət ustad xanəndə, xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini öyrənir. 1976-cı ildə "Hümayun" xalq çalğı ansamblının solisti olur. 1983-88-ci illərdə Dövlət İncəsənət İnstitutunda təhsil alan Səxavət Məmmədov Azərbaycan muğamını bir çox ölkələrdə təmsil edir. Yaratdığı “Qarabağ” instrumental ansamblı isə xanəndənin şah əsərlərindən biri kimi bu gün də yaşayır.

 

“Qarabağ” instrumental ansamblı Qarabağ hadisələrinin ilk illərində yarandı. Səxavət "Qarabağ"la təkcə Qarabağı deyil, SSRİ-ni, Avropa ölkələrini gəzib dolanır, muğamımızla yanaşı, Azərbaycan həqiqətlərini də dünyaya çatdırırdı.

Səxavət Məmmədov bənzərsiz səsə malik idi. Xanəndə 1991-ci il sentyabrın 30-da indiki Şirvan rayonundan qayıdarkən avtomobil qəzasına uğrayaraq dünyasını dəyişdi. Müharibə vəziyyətinə görə Səxavət Məmmədovun qəbri üzərinə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırıla bilmədi. Daha sonra isə kənd işğal olundu. Səxavət Məmmədovun üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qalıb.

 

Səxavətlə bağlı xatirələr

Asəf Zeynallı adına musiqi texnikumunda təhsil alır. Orda ustad xanəndə, xalq artisti Hacıbaba Hüseynovdan muğamı mükəmməl səviyyədə öyrənir. Bu ərəfələrdə Səxavəti əsgər aparırlar. Üstündən bir xeyli vaxt keçir, jurnalistlər Hacıbaba Hüseynovdan “ən yaxşı tələbəniz kimdir” deyə soruşanda məşhur xanəndə deyir: “Ən yaxşı tələbəm əsgərlikdədir”.

Nikaraquada konsert verirmiş. Buzlu su da içib. Oxuyanda əcnəbilər dəhşətə gəliblər və gəlib boğazını yoxlayıblar ki, doğrudan da səs burdan çıxırmı. Onlara elə gəlibmiş ki, o səs aparatdan çıxır.

“Bəxt üzüyü” filmindəki qeyri-adi səsi hər kəsi heyrətə gətirir.

Əfrasiyab Bədəlbəylinin bəstələdiyi “Azad bir quşdum” mahnısını elə oxuyub ki, sanki onu elə özü yaradıb. Mahnı həm də onun ölümünə yazılıb elə bil: “Azad bir quşdum, yuvamdan uçdum, torpağa düşdüm bu gənc yaşımda”.

Dostu, ustad tarzən Möhlət Müslümov danışır ki, Səxavət toyunda “bəyhamamı”na bizə gəlmişdi. Yedik-içdik, Səxavət mənə dedi ki, o tarı gətir çal, eynimiz açılsın. Mən tar çaldım, o, oxudu. Necə bizə ruh gəldisə, toyu unutduq. Sən demə, gəlini gətiriblər, toy qurtarıb, evdə hamı bəyi axtarır. Qohum-əqrəba axtarış elan edib. Səxavətin atasının birdən ağlına gəlib ki, oğlu bizdə olacaq.

Konsertləri həmişə maraqla qarşılanırdı. 5-10 saat fasiləsiz oxuyurdu, yorulmurdu. Bir toyda, məclisdə ona dəfələrlə “Mirzə Hüseyn segahı” oxudurdular, Səxavətsə hamısını fərqli oxuyurdu.

Özü kasıb ailədən olsa da imkansız adamlara əl tutmağı sevərdi. Üstəlik, ilboyu qazandığı pulu qohum-əqrəbaya, kasıb-kusuba paylayırdı. Bir dəfə isə toydan gələndə qazandığı pulların hamısını maşının pəncərəsindən ehtiyacı olan adamlara paylayıb.

Yuxuda görübmüş ki, Abdal-Gülablıdakı evlərinin həyətində çadır qurulub, qarşıda da qəbiristanlıq görünür. Kənddəki evləri qəbiristanlığın yaxınlığında idi. Yuxudan durub və deyib: “Mən öləcəm”. Bu yuxudan bir ay sonra vəfat edib.

 Səxavət Məmmədov Azadlıq meydanındakı müstəqillik uğrunda hərəkata qoşulub, orda olan insanlara xeyli yardım edib. Oğlu Bəxtiyarı da qucağına alıb meydanda olanlara qazanlarla yemək aparıb. Bundan başqa o, Qarabağ müharibəsi başlanan gündən cəbhə xəttində döyüşən əsgərlərə mütəmadi silah-sursat yardımı göstərib. Qarabağ hadisələrinin ilk illərində “Qarabağ” instrumental ansamblını yaradıb. O, bu ansambl sayəsində ölkələri gəzir və Qarabağ həqiqətlərini dünyaya çatdırırdı.

Deyilənə görə, onu düşmən ermənilər də sənətkar kimi çox sevirlərmiş. Cəbhə bölgəsində yerləşən Abdal-Gülablı kəndində dəfni zamanı erməni tərəfi güllə atmayıb, ailə üzvlərinin və kənd adamlarının Səxavətin qəbrini ziyarət etməsinə şərait yaradıb.

 

“Ədəbiyyat və incəsənət”

(22.01.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.