Xalq artisti Elnarə Kərimovanın səhnə fəaliyyətinin 30 illiyi münasibətilə konsert proqramı təqdim olunub

 

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi və YARAT Müasir İncəsənət Məkanının birgə təşkilatçılığı ilə ötən ildən gerçəkləşdirilən və böyük maraqla qarşılanan “Mədəni yenilənmə” layihəsi bu il də davam etdirilir.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, yeni  ildə layihənin yeni qonağı TRT-nin (Türkiyə Radio və Televiziya Qurumu) Ankara Radiosu xorunun bədii rəhbəri və dirijoru, Azərbaycanın Xalq artisti Elnarə Kərimova olub. 

O, 1992-ci ildən qardaş Türkiyədə yaradıcı fəaliyyətlə məşğuldur. TRT Çoxsəsli xoruna rəhbərlik etməklə yanaşı, “Orfeon” kamera xoru ilə işləyib, TÜRKSOY-un nəzdində yaradılan xor kollektivinin rəhbəri olub, bu kollektivlərlə müxtəlif ölkələrdə qastrollarda, festivallarda çıxış edib.

Fevralın 15-də layihə çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Elnarə Kərimovanın səhnə fəaliyyətinin 30 illik yubileyi münasibətilə konsert proqramı təqdim edilib.

Gecədə Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər iştirak ediblər.

Konsertdə dirijorun rəhbərliyi ilə TRT Ankara Radiosu xorunun ifasında bəstəkarların xor əsərləri səsləndirilib. İlk olaraq Asəf Zeynallının “Ölkəm” romansı ifa edildi. Sonra C.Rossinin “Sevilya bərbəri” operasından uvertüra səsləndirilib.

Xorun üzvləri, solistlər Özlem Üngör və Çinar Onur Öner “Gəmilər Giresuna” və “Mən gedərəm Batuma, hey!” mahnılarını böyük coşqu ilə ifa ediblər. Daha sonra Aşıq Veysəlin “Qara torpaq” (solistlər Cem Buğdaycı, Mələk Önbaş), Qazax mahnısı “Dağ içində”, Azərbaycan xalq mahnıları “Dağlarda çiçək”, “Nə baxırsan” (nağara Murad Nağızadə, xanəndə Elsevər Muradov), həmçinin “Bir budaqda iki alma”, “Suda balıq oynayır” və “Niksarın fidanları” türk mahnıları gecənin musiqi palitrasına əlavə rəng qatıb.

Proqramın musiqili qonaqları TÜRKSOY Gənclik xoru, “Buta” kamera xoru və Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbəri və baş dirijor – Xalq artisti Gülbacı İmanova) TRT Ankara Radiosu xoru ilə birlikdə gecənin iştirakçılarına unudulmaz anlar yaşadıblar.

Konsert proqramına dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Zəfər marşı”nın (sözləri Barış Cavid Mövsümlü, solist, xorun üzvü Çinar Onur Öner, piano Elxan Niftiyev) ifası ilə yekun vurulub. Möhtəşəm gecənin sonunda musiqisevərlərin gur alqışlarının müşayiəti ilə “Zəfər marşı” bir daha ifa olunub. Yeri gəlmişkən qeyd edək ki, bu əsər orijinalda “Dəniz neftçilərinin mahnısı” adlanırdı. Elnarə Kərimovanın təşəbbüsü və Qara Qarayevin oğlu Fərəc Qarayevin razılığı ilə əsərin rus dilində olan sözləri Azərbaycan dilinə tərcümə edilib və xalqımızın Qarabağ Zəfərimizə həsr olunub.

2021-ci ilin oktyabrından həyata keçirilən “Mədəni yenilənmə” layihəsinin məqsədi xaricdə yaşayan, musiqi, teatr, kino, ədəbiyyat və elm sahəsində peşəkar uğurlara imza atmış istedadlı soydaşlarımızın fəaliyyəti ilə Azərbaycan cəmiyyətini tanış etmək, onlarla davamlı təmaslar yaratmaqdır.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.