İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi
Erməni filosof, şair və publisist M.Nalbandyan yazırdı: “Erməni qusanlarını yalnız erməni ailələrində doğulduqlarına görə erməni hesab etmək olar. Qədim nəğmə və mahnıların, havaların əksəriyyəti azərbaycanlılardan götürülüb. Mən ermənilərin yaşadıqları çox yerləri dolaşmışam, həmişə də çalışmışam ki, sırf ermənicə deyilmiş bir söz eşidəm. Lakin həmin sözü dinləmək indiyə kimi nəsibim olmayıb”. Bəlkə də, elə buna görə fransız tarixçi J.Ş.Deserbye qeyd edirmiş ki, ”Erməni danışıq dili türk, tatar dilinin bir dialektidir.” Bəs, görəsən, erməni qusanları (ozan sözünün təhrif olunmuş formasıdır) niyə Azərbaycan dilinə möhtac qalmışdılar?
Bir ayrı yazımızda da qeyd etdiyimiz kimi, ermənilərdə aşıq sənəti olmayıb. “Təbii, bəzi ermənilər olub ki, Azərbaycan aşıqlarının yanında (çox zaman züy tutan balabançı və ya dəmkeş olaraq-İ.V.) bu sənətə maraq göstəriblər, amma bu o anlama gəlmir ki, aşıq sənəti onlara məxsusdur. Çünki ermənilərdə tarixən aşıq olmayıb”. Sonralar bu züy tutanlar, dəmkeşlər qusanlıq (aşıqlıq) etməyə cəhd göstəriblər. Daha doğrusu, Azərbaycan aşıq sənətini təqlid etməyə başlayıblar. Amma məcburən Azərbaycan (türk) dilində çalıb-oxuyublar. Çünki şəmkirli erməni qusan Yervantın Azərbaycan Aşıqlar Birliyinin sədri, professor M.Qasımlıya dediyi kimi, “erməni dili aşığa uyğun deyil, saza yatmır”. Təsəvvür edin, erməni qusanı ermənicədən narazıdır, bu dildə çalıb-oxuya bilmir! Elə bu fakt sazın sırf Azərbaycan (türk) hadisəsi olduğunu sübut etmirmi?! Erməni qusanlarının “əsərlərinin əksəriyyətinin türkcə” olması da üstəlik sübut deyilmi?!
Bizcə, bunun əsas səbəbi Azərbaycan dilinin coğrafi dairəsinin genişliliyi ilə yanaşı, ta qədimdən Qafqazda linqva franka,həm də şeir və musiqi dili olmasıdır. Professor Q.Namazov “Erməni qusanları qoşmalarını azərbaycanca yaradırdılar” adlı məqaləsində haqlı olaraq yazır ki, “Türk-Azərbaycan dilinin təsir dairəsi o qədər əhatəli idi ki, istər-istəməz azərbaycanlılarla qonşu olan başqa xalqlar da bu dildən ünsiyyət vasitəsi, həm də fikrin poetik ifadəçisi kimi istifadə edirdilər. Azərbaycan xalq şeiri və ozan-aşıq lirikası Yaxın Şərqdə elə geniş bir vüsət almışdı ki, hətta erməni qusanlarının əksəriyyəti şeirlərini bu dildə yaradır, erməni əlifbası ilə yazıya köçürürdülər”. Ermənilərin özlərinin tarixçisi, professor A.Babaxanyan deyirdi ki, “Erməni qusan yaradıcılığının az bir hissəsi, hətta demək olar ki, əhəmiyyətsiz bir hissəsi bizim ədəbiyyata aiddir. Onların əsərlərinin əksəriyyəti türkcədir (azərbaycancadır)”.
Azərbaycan (türk) dilinin erməni dilinə təsirinin tarixi isə çox qədimlərə gedib çıxır. Bu barədə ilk tədqiqatın müəllifi, XIX əsrdə yaşamış alman alimi, doktor Mordman yazırdı: “Məlumdur ki, ermənilər hind-Avropa mənşəli xalqdır. Lakin onların dili Turan dillərinin güclü təsirinə məruz qalmışdır. Bu ifadə ilə mən heç də çoxəsrlik əlaqə nəticəsində alınmış sözləri yox, eramızın IV, V, VI və VII əsrlərində erməni dilində işlənən Turan sözlərini nəzərdə tuturam”. Sonrakı əsrlərdə də “qədim erməni dili” həmişə Azərbaycan və digər türk dillərinə möhtac olmuşdur. Dilçi H.A.Acaryan 1926-cı ildə Bakıda keçirilmiş I Beynəlxalq Türkoloji qurultayda “Türk və erməni dillərinin qarşılıqlı əlaqələri” mövzusunda rus dilində etdiyi məruzəsində göstərirdi ki, “Adətən, bir dil başqa dildən isim, sifət, nadir hallarda feilləri alır. Erməni dili isə bunlarla yanaşı, türk dillərindən miqdar, sıra sayları, zərf və bağlayıcıları da almışdır. Azərbaycan və digər türk dillərinin erməni dilinə təsiri təkcə leksik alınmalardan ibarət deyil, erməni dilinin qrammatikası və fonetikası da bu dillərin güclü təsirinə məruz qalmışdır”.
Ona görə də realist erməni ədəbiyyatının banisi X.Abovyan: “Dilimizin yarısı Azərbaycan sözləridir. Onların dili bizim millətin ağzına o qədər dadlı gəlmişdir ki, ermənilər öz dillərini buraxıb nəğmə, nağıl,zərb-məsəlləri azərbaycanca deyirlər. Azərbaycan dili bizdə o qədər yayılmışdır ki,bu dili hətta qadınlar və uşaqlar belə başa düşürlər. Buna görə də xalq içərisində məşhur və fitrətən şairlik istedadına malik olan adamların tatarca (azərbaycanca) şeir yaratmaları və oxumaları çox təbii bir haldır. Öz səslənməsi, poetikliyi və ahəngdarlığı ilə, qrammatik cəhətdən tatar (Azərbaycan) dili başqa dillər arasında ən yaxşısıdır”,- deyirdi.
Mənbələr göstərir ki, ermənilərin Azərbaycan dilində şeir yazmalarının və çalıb-oxumalarının da tarixi çox əvvəllərə gedib çıxır. Məsələn, hələ XIII əsrdəyaşamış Hovanes Zəncanlı «Məryəm» adlı şeirini azərbaycanca yazıb. Yenə həmin əsrdə Azərbaycan türkcəsində yazmış erməni şairi B.H.Yerzinqasinin şeirlərində Allaha “Tenqri”, Məryəmə “Tenqri anası” deyə dualar edilir, erməni qaynaqlarında təsadüf edilən azərbaycanca mənzumənin («Molla oğlu ilə keşiş qızının deyişməsi») məzmunu isə «Əsli-Kərəm» dastanının motivlərini xatırladır. XIV-XVIII əsrlərdə H.Tlkuransi, K.Yerzinkatsi, M.Naqaş və D.Bağişetsi, K.Axtamaretsi və V.Qucağ, D.Murad,, N.Ovnatan, S.Nova, Miran, Bağıroğlu, Əmiroğlu, Q.Yeqaz, T.Dədə, Ş.Meleko, K.Nova, Q.Hovanes və başqa onlarla erməni qusanları yaşamış, azərbaycanca (türkcə) yazıb-yaratmışlar. Bunlar “tək bir səbəbdən qusan idilər ki, öz məşhur əsərlərini onlar üçün anlaşılan dildə”, yəni Azərbaycan (türk) dilində ifa edirdilər” (tarixçi, professor Leo)
İntibah dövründə Azərbaycan şifahi xalq ədəbiyyatının, eləcə də aşıq yaradıcılığının çiçəklənməsi və daha da inkişaf etməsi nəticəsində azərbaycanca çalıb-oxuyan erməni qusanlarının (aşıq deməyə də adamın dili gəlmir) da sayı artmışdı. Belə ki, həmin dövrlərdə Türkiyədə və Cənubi Qafqazda Anadolu və Azərbaycan türk ləhcəsi ilə yazıb-oxuyan yüzlərlə erməni qusanı yaşamışdır. Azərbaycanca şeir qoşan və oxuyan ermənilərin sayının getdikcə artmasının birinci və əsas səbəbi yuxarıda da qeyd etdiyimiz kimi, Qafqazda əsas işlək dilin (linqva franka) Azərbaycan dili olması, ikinci səbəbi erməni dilli dinləyici və tamaşaçı auditoriyasının məhdudluğu idi. Üçüncü səbəb isə XIX əsrin birinci yarısınadək müasir erməni ədəbi dilinin – aşxarabarın formalaşmaması, əski erməni ləhcəsini – qraparı isə sadə və savadı olmayan ermənilərin başa düşməməsi sayıla bilər. Beləliklə, Azərbaycan dilində yazıb-oxumaqdan başqa yol qalmırdı. Erməni qusanları ancaq Azərbaycan dilinin köməyi ilə özlərinə çoxlu dinləyici və tamaşaçı toplaya bilirdilər. Təsadüfi deyildir ki, erməni publisisti və ədəbiyyatşünası A.Arşaruni “Nizami və erməni ədəbiyyatı” adlı yazısında etiraf edirdi ki, “Azərbaycan dili, demək olar ki, erməni aşıqlarının və erməni xalqının doğma dili olmuşdur. Əks-təqdirdə onlar dinləyicilər qarşısında müvəffəqiyyət qazana bilməzdilər və onların dili dinləyicilər üçün anlaşılmazdı”. Deməli, erməni qusanlarının azərbaycanca yazması movcud şəraitlə və həyati zərurətlə bağlı olub.
Onu daqeyd edək ki, erməni qusanlarının Azərbaycan dilində yazıb-yaratmalarına movcud siyasi həyatın da ciddi təsiri olmuşdur. Xüsusən XVI əsrdə mərkəzləşmiş Azərbaycan dövlətinin yaranması, Səfəvilər sülaləsinin ilk hökmdarı Şah İsmayılın hakimyyətə gəlməsi, ölkənin sosial-iqtisadi və mədəni həyatında dəyişikliklərin baş verməsi, şahın özünün də ədəbiyyat və incəsənətlə maraqlanması və ana dilində şeirlər yazması, saz-söz ustalarını öz sarayına toplayaraq onlara himayəçilik etməsi, Azərbaycan dilinin dövlət dili elan olunması və bu dilin Səfəvilər dövlətində yaşayan bütün xalqlar (o cümlədən ermənilər) arasında əsas ünsiyyət vasitəsi olması və s. prosesə təsirsiz qalmamış və bu, erməni qusanlarının da azərbaycanca yazmasına stimul yaratmışdı.
Sonrakı dövrlərdə də türk-Azərbaycan dilinin coğrafi təsir dairəsi geniş və əhatəli olmaqda qalmış, azərbaycanca yazan erməni aşıqlarının sayı artmaqda davam etmişdir. Matenadaranda və Ermənistan arxivlərində uzun illər tədqiqat aparan filologiya elmləri doktoru İ.Abbasov qeyd edir ki, XVII-XIX əsrlərə aid elə bir erməni əlyazması yoxdur ki, orada erməni əlifbasında Azərbaycan xalqının qədim nəğmələrinə təsadüf edilməsin.
Bütün ölkədə olduğu kimi, ermənilərin sıx yaşadıqları İrəvan və Qarabağ xanlıqlarının ərazisində də Azərbaycan dili həmişə dominant olub. İrəvan və Naxçıvan xanlıqlarının ərazisində 1829-1831-ci illərdə kameral siyahiyaalma keçirən rus tarixçi-statisti İ.Şopenin Azərbaycan dilinin yayılma arealı haqqında qeydləri də bunu sübut edir. Görkəmli yazıcımız Y.V.Çəmənzəminli də “Azərbaycan ədəbiyyatında erməni müəllifləri” adlı əlyazmasında qeyd edirdi ki, “Ermənilər, gürcülər və rus mühacirləri bir-birinə yavuqlaşdıqda onların dilək və arzularına yeganə tərcüman olan türkcəmizdir”. 1843-cü il avqust ayının 27-də İrəvan qalasında olmuş alman səyyahı A.Haksthauzen isə yazırdı: “Ermənilər öz mahnılarını ermənicə yox, tatar (türk) danışıq dilində qoşur və oxuyurlar, çünki məhz bu dil Cənubi Qafqaz xalqları arasında ünsiyyət, ticarət və anlaşma dilidir. Bu nöqteyi-nəzərdən Azərbaycan dili Avropada geniş işlənən fransız dili ilə müqaisəyə gələ bilər. Bununla bərabər, bu dil xüsusi poeziya dilidir. Çox güman ki, erməni şerlərinin zəif yayılmasının səbəbi məhz bundadır, ən məşhur erməni şairləri, əsərlərinin geniş yayılması üçün həmişə tatarca (azərbaycanca) yazırdılar”.
Azərbaycan dilinin üstünlüyü XX əsrdə də davam etmişdir. Həmin əsrin əvvəllərində yaşamış erməni yazıçısı və pedaqoqu Q.Acayan bildirirdi ki, indi də “Erməni xalqı və onun aşıqları türkcə danışmaqda heç bir çətinlik çəkmirlər, bu dil ermənilər üçün doğma kimidir, ona görə də biz türkcə oxuyuruq”. Acaryanın bu sözləri danılmaz tarixi həqiqəti əks etdirir.
Y.Ramazanov özünün “Azərbaycan dilində yazıb-yaradan erməni aşıqları” əsərində qusanların Azərbaycan dilində yazmalarının digər səbəblərindən birini də ermənicənin şeir dili kimi yoxsul, (Akademik N.Y.Marr erməni xalqı kimi erməni dilini də hibrid dil adlandırırdi.) Azərbaycan dilinin isə poeziya üçün “əlverişli və qabil dil” olmasında, dilimizin zənginliyində, finksoinal imkanlarının genişliyində, ecazkarlığında, poetikliyində və musiqili ahəngdarlığında görürdü.
Bu həqiqəti erməni akademik M.Abeğyan da etiraf etməyə məcbur olmuşdu. O,“Xalq nəğmələri” adlı əsərində belə yazırdı: “Bədbəxtlikdən dilimiz qafiyə cəhətdən yoxsuldur. Həmahəng sözlər məhdud miqdardadır. Bu səbəbdən də xalq çox zaman qafiyə üçün tanış olduğu türk (Azərbaycan) dilinə müraciət edir”.Professor A.Babaxanyan isə əlavə edərək deyirdi ki, “Qusanlar üçün nağıllarda, mahnılarda təsvir olunan həyatı ifadə etməkdən ötrü türk dili erməni xalq ləhcələrindən daha səlis, daha ifadəli və dahazəngindir”.
Ümumiyyətlə, tədqiqatların nəticəsində XVII əsrdən XX əsrin ortalarınadək Anadoluda və Cənubi Qafqazda türk dilinin Anadolu və Azərbaycan ağzı ilə yazıb-oxuyan 400-ə (G.Tarverdiyana görə, 1300 nəfərə) yaxın erməni qusanı müəyyən edilmişdir.
Əlbəttə, ermənilərin Azərbaycan dilində oxuyub-yazmasında ədəbi-mədəni əlaqələrin təsiri də olub. Akademik B.M.Jirmunski yazırdı ki, “heç bir milli ədəbiyyat, başqa xalqların ədəbiyyatı ilə canlı, yaradıcı və qarşılıqlı təsirdən kənar inkişaf etməmişdir”. Y.Ramazanov yuxarıda adını göstərdiyimiz əsərində qeyd edir ki, qusanların Azərbaycan dilində yazması həm də “ədəbi-mədəni əlaqələrin folklordaki təzahür əlamətlərindəndir”, Ə.Yeravanlı da bunu ədəbi əlaqələrin “ən parlaq təzahürlərdən” sayır. Folklorşünas alim H.İsmayılov isə dastanlarda olan şeirlərin ermənilər arasında geniş yayılmasını ermənilərin daima Azərbaycan-türk mədəniyyətinə tarixi bağlılığı, bədii düşüncələrin kasadçılığı üzündən folklorumuza möhtac qalması ilə əsaslandırır. Bunları erməni alimləri özləri də təsdiq edirlər. Ədəbiyyatşünas M.Canaşyan və erməni din xadimi, folklor toplayıcısı, naşir T.Y.Balean yazırdılar ki, erməni “qusan yaradıcılığı türk təsiri altında olub”. A.Arşaruni və M.Nalbandiyan bu təsirin mahiyyətini açıqlayaraq deyirdilər: ”Erməni xalqı daim Azərbaycan folklorundan və Azərbaycan xalqının klassik ədəbi irsindən uğurla istifadə etmişdir, bu ədəbiyyata və folklora həmişə məhəbbətlə yanaşmışdır”. “Erməni qusanları hər zaman azərbaycanlı ustadlarının yaradıcılığına söykəniblər”.
Ümumiyyətlə, erməni folkloruna Azərbaycan aşıq ədəbiyyatının təsiri, erməni qusanlarının Azərbaycan aşıq sənətinin ənənələrindən bəhrələnmələri - lap düzü oğurluqları sübuta ehtiyacı olmayan aksiomadır. Nə etsinlər, özlərində olmayıb, istəyiblər ki, onların da aşıq sənəti olsun, amma bu sənəti yaratmağa iqtidarları çatmayıb, ona görə də oğurlamağa məcbur olublar. Öz yazıçıları V.Papazyanın qeyd etdiyi kimi, “cahil, savadsız, vəhşi və ilk öncə şüursuz və əsasən soyğunçuluq və quldurluqla məşqul olan, şimal vəhşiləri kimi ov hesabına yaşayan”lardan bundan artıq nə gözləmək olardı?!
“Ədəbiyyat və incəsənət”
(08.01.2025)