Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ABŞ-da görkəmli Azərbaycan bəstəkarı Tofiq Quliyevin fortepiano üçün işlədiyi "Qaytağı" əsərindən ibarət 3 kitab çap olunub.
Diasporla iş üzrə Dövlət Komitəsinin verdiyi məlumata görə, Bakı Amerika–Azərbaycan Musiqi Fondunun rəhbəri Cəmilə Cavadova-Spitzberqin təşkilatçılığı ilə ərsəyə gələn nəşrin baş redaktoru ABŞ-ın Massaçusets ştatında yaşayan tanınmış piano ifaçısı, Azərbaycanın Əməkdar artisti Emil Əfrasiyabdır.
Qeyd edək ki, görkəmli Azərbaycan bəstəkarı, milli caz və estrada musiqisinin banilərindən olan Tofiq Quliyev fortepiano üçün bir sıra xalq rəqslərini işləyib. Onlardan biri də "Qaytağı" əsəridir. Bu virtuoz əsərin fortepianoda ilk ifaçısı görkəmli pianoçu, Azərbaycanın Xalq artisti Fərhad Bədəlbəyli olub.
Şübhəsiz, Tofiq Quliyev kimi böyük bəstəkarın timsalında Azərbaycan musiqisinin ABŞ-da tanıdılması olduqca əhəmiyyətli bir işdir. Diasporla iş üzrə Dövlət Komitəsi bu sayaq işlərlə mədəniyyətimizi dünyada layiqincə təbliğ etməkdədir.